“2001-ci ildə keçirilən “Osiek” – “Dinaburq” oyununda azərbaycanlı hakimlərin idarəçiliyi ilə bağlı komissiya yaradılacaq”. Bunu apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.
Təxminən 14 il öncə UEFA kubokunun seçmə mərhələsi çərçivəsində Xorvatiyada baş tutan “Osiek” – “Dinaburq” görüşü ilə bağlı şok video yayılıb.
Həmin videoda həmin vaxt 4-cü hakim olan Xaqani Məmmədovun baş hakim Asim Xudiyevə “qonaqlar heç-heçə üçün 15 dənə verirlər” sözləri açıq şəkildə eşidilir.
İndi üzə çıxan video ilə bağlı isə AFFA-da ciddi araşdırma aparılacaq. Nərimanoğlu federasiya prezidenti Rövnəq Abdullayevin də bundan xəbərdar olduğunu bildirib: “AFFA prezidentinin tapşırığına əsasən, komissiya yaradılacaq və bu məsələyə baxılacaq. Komissiyanın tərkibi ilə bağlı sonra məlumat veriləcək”.
Qeyd edək ki, həmin qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.