“Neftçi” klubunun və Azərbaycan yığmasının futbolçusu Ruslan Qurbanovun apasport.az saytına müsahibəsi
- Millimiz 3 gün sonra Moldova ilə yoldaşlıq görüşü keçirəcək. Komandada əhval-ruhiyyə necədi?
- Ab-hava əladı. Oyuna çox ciddi hazırlaşırıq. Moldova ilə görüş yoldaşlıq xarakteri daşısa da, bu, bizim üçün heç bir önəm kəsb etmir. Nəticə bizim üçün vacibdi. Bu ili qələbə ilə bitirmək istəyirik. Moldovanı zəf rəqib saymıram. Odu ki, rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Yalnız bu halda, Moldova ilə qarşılaşmada yaxşı nəticəyə imza ata bilərik.
- Bu yaxınlarda verdiyiniz müsahibədə “Neftçi”nin bəzi futbolçularının qəsdən oynamadığını bildirmişdiz. Həmin müsahibədən sonra komanda yoldaşlarınızın və klub rəhbərliyinin sizə qarşı münasibəti dəyişməyib ki?
- Xeyr, münasibət əvvəlki kimi qalıb. Sadəcə, bəziləri başa düşmür ki, hansı klubun formasını geyinirlər.
- Bəlkə açıq danışasız... Konkret hansı futbolçuları nəzərdə tutursuz?
- Bu söz özümə də aiddi. Oyunlara daha yaxşı köklənmək lazımdı.
- Qəsdən oynamadığını iddia etdiyiniz futbolçular legionerlərdi, yoxsa yerlilər?
- Bu məsələ ilə bağlı daha danışmaq istəmirəm. Qoy, rəhbərlik qərar versin.
- “Neftçi”nin Müşahidə Şurasının sədri Əsgər Abdullayev saytımıza müsahibəsində rəhbərliyin bununla bağlı araşdırma aparacağını bildirib...
- Bu, rəhbərliyin işidi. Onların işinə qarışıb, özümü günahkar çıxarmaq istəmirəm. Hazırda millinin düşərgəsində olduğumdan, rəhbərliyin bununla bağlı araşdırmaya başlayıb-başlamadığını bilmirəm.
- “Neftçi” ölkə çempionatının növbəti turunda “Xəzər Lənkəran”ın qonağı olacaq. Sarı vərəqə limitini doldurduğuna görə, bu görüşü buraxacaqsız. Qorxmursuz ki, komanda “Xəzər Lənkəran”a da uduzsa, “Neftçi”dən küsən azarkeşlərin sayı bir qədər də artacaq?
- Çox təəssüf ki, “Xəzər Lənkəran”la oyunu buraxacam. Cəzalı duruma düşdüyüm üçün həmin görüşdə komandama kömək edə bilməyəcəm. Amma mənə elə gəlir ki, ömründə 1 dəfə də olsun, “Neftçi”nin formasını geyinən futbolçu bu komanda ilə “Xəzər Lənkəran” arasındakı oyunların prinsipiallığını dərk edir. “Neftçi” meydana qələbə üçün çıxacaq. Bizə 3 xal hava-su kimi lazımdı.
- Topaz Premyer Liqasının cari mövsümündə 5 qol vurmusuz. Qarşınıza mövsümü bombardir kimi bitirmək məqsədi qoymusuzmu?
- Bu il çox tənqid olunuram. Amma tənqidlər məni daha da güclü edir. Başımı aşağı salıb, işimi görürəm. Təbii ki, bombardir olmaq istərdim. Lakin bunu bacarmaq üçün üzərimdə hələ çox çalışmalıyam. Növbəti matçlarda da qollarımın ardını gətirməyə çalışacam.
Tengiz MƏMMƏDOV