Noyabr 18-də Çexiyanın paytaxtı Praqada Avropa Olimpiya Komitəsinin (AOK) XXXXIV Baş Assambleyası start götürəcək. Milli Olimpiya Komitəsindən (MOK) apasport.az saytına verilən məlumata görə, 3 davam edəcək iclasda Azərbaycan da təmsil olunacaq.
Belə ki, Assambleyaya MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva və digərləri qatılacaqlar.
Toplantıda 2016-cı il Rio-de-Janeiro Yay Olimpiya Oyunları və 2020-ci il Pekin Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadı. Yeniyetmələr arasında 2016-cı il Lillehhammer Qış Olimpiya Oyunları da müzakirə olunacaq. Həmçinin, 2021-ci ildə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalının namizəd ölkələrinin siyahısı açıqlanacaq. Sonda AOK-un XXXXV Baş Assambleyasının keçiriləcəyi ölkənin adı da məlum olacaq.
Qeyd edək ki, AOK-un İcraiyyə Komitəsinin üzvü olan Hüseynzadə təşkilatın IV iclasında da iştirak edəcək. Həmçinin, tədbir çərçivəsində AOK-un “İdmanda Qadın və Bərabərlik” Komissiyasının üzvü olan Könül Nurullayeva toplantıda olacaq.