Topaz Premyer Liqasının XIII turunda “Kəpəz”i qəbul edən və böyükhesablı qələbə qazanan “Qarabağ”ın qollarından birinin müəllifi olan Dani Kintana qarşılaşma başa çatdıqdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiz?
- Çempionatda yaranmış fasilə başa çatdı. Oyunun çətin keçəcəyini bilirdik. Həm də meydana çıxmamışdan əvvəl ən yaxın izləyicimiz olan “Qəbələ”nin “Sumqayıt”la dueldə heç-heçə etdiyini öyrəndik. Bu da fərqi artırmağımız üçün çox vacib idi.
- Deməli, böyükhesablı qələbədə “Qəbələ”nin xal itirməsinin də rolu az deyil...
- Əlbəttə, turnir cədvəlindəki ən yaxın izləyicinin xal itirdiyini eşidəndə, bu özlüyündə əlavə motivasiya yaradır. Biz də şansımızı əldən vermədik və xal fərqini artırdıq.
- Hər keçən tur izləyicilərlə lider arasındakı xal fərqinin artması ilə yadda qalır. Necə düşünürsüz, bu gedişlə yenə “Qarabağ” özü-özünə rəqib olacaq?
- Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Ancaq ötən mövsümü də unutmamışıq. Qış fasiləsindən sonra “Qəbələ” qələbələri sıraladı və bizi addım-addım izləyirdi. Buna görə işimizi ehtiyatla tutmalıyıq. Bu isə qələbə qazanmalı olduğumuza işarədi.
- “Qarabağ”da daha çox mərkəzdə çıxış edirdiniz. Bu gün sağ cinahda oynasanız da, topu qəbul etdikdən sonra mərkəz tərəfə istiqamət alırdınız. Hətta qolu da mərkəzdən vurdunuz. Özünüzü hansı mövqedə rahat hiss edirsiniz?
-Hər iki mövqedə oynamağı bacarıram. İspaniyada, Polşada yarımmüdafiənin mərkəzində də, cinahında da oynamışam. Hər şey baş məşqçinin qərarından asılıdı.
- Qarşıdan “Tottenhem”lə çətin oyun gəlir. Bu duel haqqında nə düşünürsüz?
- Bakıda çətin oyun keçirəcəyimizi bilirik. Mərhələ adlamaq üçün bu oyundan qalib ayrılmalıyıq.
- Heyətinizdə itkilər çoxdu. Onların yoxluğu boşluqlar yaratmayacaq?
- Zədəli futbolçuları əvəzləyəcək oyunçularımız kifayət qədərdi, amma Rəşad Sadıqovla Samuelin tez sağalıb komandaya qoşulması bizə faydalı olacaq. İstənilən halda, zədəliləri əvəzləyəcək futbolçularımız var.