Topaz Premyer Liqasının XIV turunda “Qarabağ”la qarşılaşacaq “Neftçi” əzəli rəqibinə qarşı itkilərlə çıxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, hazırda 3 futbolçu zədədən əziyyət çəkir.
Bunlar müdafiəçi Məqsəd İsayev, yarımmüdafiəçi Araz Abdullayev və hücumçu Anietedi. Sentyabrın 9-da “Qarabağ”la keçirilən ilk dövrə matçında zədələnən Arazın 3 həftəyə dönəcəyi deyilsə də, kapitan hələ də fərdi məşqlərlə kifayətlənir.
21 yaşadək futbolçulardan ibarət yığmanın heyətində Rusiya ilə AVRO-2017-nin seçmə mərhələ oyununda zədələnən Məqsədin də vəziyyəti ürəkaçan deyil. Hər iki milli oyunçunun “Qarabağ”la qarşılaşmada iştirak etmək ehtimalı azdı.
“Sumqayıt” və “Rəvan”la görüşə zədəli vəziyyətdə çıxan ispaniyalı forvard Aniete isə “Xəzər Lənkəran”la qarşılaşmada olduğu kimi, növbəti turda da komandasına kömək edə bilməyəcək.
Yeri gəlmişkən, 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb. Azərbaycan derbisini stadiondan izləmək istəyən azarkeşlər 1 manatlarından keçməli olacaqlar. VİP sektora biletlərin qiyməti isə 10 manatdı.
Qeyd edək ki, noyabrın 29-da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq.