[b]Rəşad Sadıqov: Ustalıq səviyyəsi öz sözünü dedi - MÜSAHİBƏ[/b]
27.11.2015 - 10:51
[b]Rəşad Sadıqov: Ustalıq səviyyəsi öz sözünü dedi - MÜSAHİBƏ[/b]

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində öz meydanında “Tottenhem”ə (İngiltərə) 0:1 hesabı ilə uduzan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov oyundan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- 90 dəqiqə ilə bağlı nə deyə bilərsiniz?

- Qarşılaşma gərgin keçdi. Çoxdan idi doğma meydanda belə ağır oyun keçirmirdik. Rəqibin ustalığı, səviyyəsi göz qabağında idi. Bacardığımız qədər mübarizə apardıq. Çalışırdıq ki, rəqibin hücumlarının qarşısını alaq. Yenə standart vəziyyətdən sonra qol buraxdıq və yekunda məğlubiyyətlə barışmalı olduq.

 

- “Seltik”lə, eləcə də “Tottenhem”lə ilk matçda buraxılan qollar bir-birinə bənzəyir. Xüsusilə, standart vəziyyətlərdən vurulan qollar diqqət çəkir. Bunun qarşısını almaq mümkün deyildi?

- Rəqiblərimizlə müqayisədə bizim əksər oyunçuların boyu balacadı. “Anderlext”in, “Monako”nun, “Tottenhem”in heyətində həm boyu uca, həm də ustalıq səviyyəsi yüksək olan futbolçular yer alıb. Belə oyunçuların qiyməti də 10-15 milyona bərabərdi. Bizim futbolçular isə əsasən texniki oyuna üstünlük verirlər. Ümumi götürdükdə, rəqib 13-14 künc zərbəsinin yalnız birindən istifadə edə bildi. Beynəlxalq oyunlarda standart vəziyyətlərin qarşısını almaq çox çətindi. Bu gün də belə oldu.

 

- Hücum xəttində axsamalar çox idi. Reynaldonun yoxluğu hiss olunurdumu?

- Reynaldonun yoxluğu hər zaman hiss olunur. Hücum quranda, sürətli hücuma çıxanda onun yeri görünür. İstədik bu gün bunu hiss etdirməyək, meydanda layiqli mübarizə aparaq. Təəssüf ki, alınmadı. Bizim də qol vurmaq imkanımız oldu. Hətta görüş heç-heçə də başa çata bilərdi.

 

- Qrupdakı şanslar barədə nə deyə bilərsiz?

- Çox çətin olacaq. Çünki “Anderlext”i 1 top fərqi ilə məğlub etməyimiz belə işimizə yaramayacaq. Çətindi, ağırdı, amma mübarizə aparacağıq, əlimizdən gələni edəcəyik.

 

- Qoldan sonra azarkeşlər yenə stadionu tərk etməyə başladılar. Bu sizi üzmədi?

- Əksinə, qoldan sonra onlar bizi irəli səslədilər, dəstəklərini əsirgəmədilər. Ola bilsin ki, hansısa azarkeş evinə tez getsin. Çünki oyundan sonra sıxlıq yaranır. Bunu nəzərə alanlar olur. Ümumi götürdükdə, azarkeşlərə təşəkkürümüzü bildiririk. Avrokuboklarda bizi sona qədər dəstəklədilər. Biz də çalışdıq ki, onları utandırmayaq. Layiqli mübarizə apardıq. “Tottenhem” və “Monako”ya səfərdə məğlub olmaya bilərdik. Qol vurmaq üçün şanslarımız oldu. Ötən il rəqibə çoxlu qol imkanları verirdik, özümüz isə bu cür şansı az əldə edirdik. Buna baxmayaraq, xallar qazanırdıq. Bu dəfə rəqiblərlə başabaş mübarizə apardıq, qol vurmaq üçün bir neçə şansımız oldu, amma meydanı məğlub tərk etdik. Heyətimizdə itkilərimiz də çox oldu. Tam sağalmamışam, Ansi Aqolli də o cümlədən. Samuel Armenteros zədəli olduğuna görə ikinci hissədə meydana çıxdı. Reynaldo, ümumiyyətlə, yoxdu, Çumbinyo da tam formada deyil. Yəni meydana tam heyətlə və tam gücümüzlə çıxmadıq. Səfərdə bir oyunumuz qalıb. Bu matçdan istifadə edəcəyik.

 

- Qol imkanlarınızın çox olduğunu dediniz. Bəs niyə istifadə edə bilmirsiniz?

- Bu cür görüşlərdə qol vurmaq asan deyil. Oyunların gərginliyi, həyəcanı var. Təkbətək çıxdığın epizod zamanı özün həyəcanlanırsan, azarkeşlər həyəcanlanır. Halbuki soyuqqanlı olmalı, ustalıq səviyyəsini üzə çıxarmalısan. Qrup mərhələsində çox qol imkanlarını qaçırdıq. Cavid Tağıyev də zədədən yeni qayıdıb. Bizim üçün vacib futbolçudu. Onun da formaya düşməsi üçün vaxt lazımdı. Dediyim kimi, bu oyuna tam formada çıxa bilmədik. Rəqibin ustalıq səviyyəsi də öz sözünü dedi. Matçdan əvvəl 7 futbolçu gətirmədiklərini deyirdilər. Amma meydana çıxanlar heç də bunu hiss etdirmədilər.

 

- Zədəniz nə yerdədi?

- Müalicələr davam edir. Böyük ehtimalla, qarşıdakı oyunda iştirak etməyəcəm.

0