[b]“Tottenhem” “Neftçi”yə kömək etdi” - Elvin Yunuszadə[/b]
29.11.2015 - 21:41
[b]“Tottenhem” “Neftçi”yə kömək etdi” - Elvin Yunuszadə[/b]

Topaz Premyer Liqasının XV turunda “Neftçi”nin qonağı olan “Qarabağ” cari çempionatda ikinci məğlubiyyəti ilə barışmalı oldu. Oyundan sonra Ağdam təmsilçisinin müdafiəçisi Elvin Yunuszadə apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Məğlub olduğunuz qarşılaşma haqda nə deyə bilərsiniz?

- Avropa Liqasının oyunundan sonra yorğunluq var idi. Həm də çətin olacağını bilirdik. Nə etmək olar? Uduzduq, qarşıdakı oyunlara hazırlaşmalıyıq.

 

- Ən yaxın izləyicilərinizlə xal fərqi artıdğından çempion olacağınız deyilirdi. Bəlkə bu bir qədər arxayınlaşdırıb komandanı?

- Bu, oyundu. İndidən rahatlaşa bilmərik. Çempionat uzundu, hələ qarşıda çoxlu oyunlarımız var. Ona görə çempionluq ab-havasına girmək tezdi.

 

- Fasiləyə qədər iki qol vursanız da hakim hesaba almadı. Amma ikinci qolun qaydalar çərçivəsində vurulduğu görünürdü. Bunun təsiri oldumu?

- Hakimin qərarını muzakirə etmək istəmirəm. Epizodlarla bağlı da konkret fikir söyləyə bilmirəm. Çünki həmin vaxt epizoddan çox uzaqda idim.

 

- “Neftçi”nin azarkeşləri sizə qarşı xoş olmayan ifadələr işlədirdilər. Onlar qarşı hansısa hərəkət etmişdiniz?

- Açığı, onlardan bu cür ifadələr gözləmirdim. Çünki azarkeşlərə qarşı hansısa hərkət, fikir səsləndirməmişəm. İndi onlar belə etdilər...

 

- “Qarabağ” hər oyunda ən azı 4-5 real qol epizodu yaradırdı. Bu dəfə rəqib buna imkan vermədi. Əsgər Abdullayevin komandanı yaxşı təhlil etdiyini demək olarmı?

- Əgər “Neftçi” qələbə qazanıbsa, deməli, nədəsə bizdən üstün oldu. Bizim də fərqlənmək üçün imkanlarımız oldu, amma istifadə edə bilmədik. Komandada arxayınçılıq yox, yorğunluq var. “Tottenhem” bütün gücümüzü aldı.

 

- Heyətdə xeyli dəyişiklik edilmişdi. Bu amili oyunun nəticəsinə təsir edən məqam kimi göstərmək olarmı?

- Qurban müəllim elə sistem qurub ki, komanda bir oyunçudan asılı deyil. Və bütün oyunlara eyni futbolçular çıxmır. Baş məşqçi hamıya şans verir. Məğlub olmağımızı yorğunluqla bağlayardım. “Tottenhem”in “Neftçi”yə kömək etdiyini də demək olar.

0