“Məğlubiyyəti kiminsə boynuna atmağa ehtiyac yoxdu. Futboldu, alınmadı”. Bunu apasport.az saytına “Qarabağ”ın yarımmüdafiəçisi Elvin Məmmədov deyib.
Topaz Premyer Liqasının XIV turunda “Neftçi”nin qonağı olan Ağdam təmsilçisi 0:1 hesabı ilə uduzub. Yığmamızın üzvü məğlubiyyəti belə şərh edib: “Müasir dövrdə zəif komanda anlayışı qalmayıb. Hamı yaradıcı oyuna üstünlük verir. “Neftçi” də mübarizə aparan komandadı, yaxşı kollektivi var. Futbolda olur belə şeylər. Bunu unudub qarşıdakı matçlara baxmaq lazımdı”.
“Qarabağ“ Avropa Liqasından fərqli, çempionatda əsasən ehtiyat qüvvəyə şans verir. Məmmədov bunun nəticəyə mənfi təsir etmədiyini düşünür: “Mən bunun bir təsirini görmürəm. Sadəcə, “Neftçi” ilə matçda istədiklərimizi həyata keçirə bilmədik. Rəqib oyun-boyu pressinq tətbiq edərək, hücum etməyimizə imkan vermədi. “Tottenhem”lə oyunda iştirak edən futbolçuların bəzilərinə də baş məşqçimiz dincəlmək imkanı yaratmışdı. Amma unutmayaq ki, komandada 11 yox, 28 futbolçu var. Digərləri də oynamalıdı. Bundan əvvəlki matçlarda da indiki futbolçularla çıxış edib, qələbə qazanmışdıq. Buna görə də “Neftçi”yə məğlubiyyəti böyük hadisəyə çevirməyə ehtiyac yoxdu”.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Qarabağ” liderliyini qoruyubsa, 6-cı pillədəki mövqeyini qoruyan “Neftçi” 2-ci yerdəki “İnter”lə aradakı xal fərqini 5-ə endirib.