Topaz Premyer Liqasının XIV turunda “Neftçi”nin qonağı olan “Qarabağ” 0:1 hesablı məğlubiyyətə düçar olub. Qarşılaşmadan sonra jurnalistlərə müsahibə verən Ağdam klubunun müdafiəçisi Maksim Medvedev apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- “Qarabağ” oyunun favoriti sayılırdı. Bu məğlubiyyət sizin üçün sürpriz olmadı?
- Sürpriz demək olmaz. Çünki “Neftçi” də güclü komandadı. Futbolda hər cür nəticə ilə üzləşə bilərsən. Bu gün oyunumuz alınmadı. Qol imkanları yarada bilmədik. Rəqib komanda da cərimə zərbəsindən gözəl qol vurdu.
- Bu dəfə müdafiənin sol cinahında çıxış etdiniz. Tez-tez mövqe dəyişmək sizi narahat etmir?
- Bu gün vəziyyət elə oldu ki, baş məşqçi mənim solda oynamağımı qərara aldı. Mən də əlimdən gələni etdim ki, komandama kömək olum.
- Kapitan olduğunuz matçda komandanız məğlub oldu. Deyəsən, sarğı sizə düşmədi...
- Yox, niyə ki... İlk dəfədi kapitan olduğum oyunda uduzuruq. Bunun düşər-düşməzliyi ilə bir əlaqəsi yoxdu.
- Bir kapitan kimi işinizin öhdəsindən layiqincə gələ bildiyinizi düşünürsüz?
- Bilirsiz, hər oyunda effekt göstərmək, yüksək səviyyədə çıxış etmək mümkün deyil. Bəzən yaxşı çıxış edirsən, bəzən isə oyunun istədiyin kimi alınmır. Oyunun taleyi bir nəfərin əlində olmur və komanda da bir nəfərdən asılı deyil. Bu gün də start heyəti bir az fərqli idi. Oyun fikirləşdiyimiz kimi keçmədi.
- Bir müsahibənizdə bildirmişdiniz ki, Rəşad Sadıqov meydançada olanda kapitan kimi çox danışır. Ancaq siz bu görüşdə kapitan olsanız da, danışmırdınız...
- Elə oyun olur ki, danışmağının xeyri olmur. Qolu cərimə zərbəsindən buraxdıq. Rəqibə, demək olar ki, yüz faizlik qol şansı yaratmaq imkanı vermədik. Müdafiənin mərkəzində olanda arxadan komandanı yaxşı görə, hamıya göstəriş verə bilirsən. Mən solda oynadığım üçün yalnız qarşımdakı Elvin Məmmədovu görürdüm. Onunla yaxşı əlaqə saxlaya bilirdim. Mən meydançanın bu tərəfindən o tərəfinə İlqar Qurbanova və ya Əfran İsmayılova necə qışqırım? Mövqeyim elədi ki, ordan hər kəslə əlaqə qurmaq çətindi.
- “Neftçi”nin sol cinah müdafiəçisi Aylton tez-tez hücuma keçirdi. İlqar Qurbanov həmin mövqedə hesaba alınmayan bir-birinə bənzər iki qol vurdu. Rəqibin həmin cinahda boşluq buraxacağını gözləyirdiz?
- Ayltonun oyun üslubu elədi ki, o, daim hücuma qoşulur. Bunu da bilirdik. İlqar özü də hücumameyilli futbolçu olduğundan, irəli çox çıxırdı. İlqar hücuma keçəndə Aylton kimi müdafiəçi də problem yaşayırdı. Sadəcə, iki epizodda hakim oyundankənar vəziyyət qeydə aldı və iki qolumuz sayılmadı.
- Həmin epizodlarda ofsayd var idimi?
- Mən bir qədər arxadan oynadığım üçün həmin yerə yaxın olmurdum. Yəqin ki, ekran qarşısındakı azarkeşlər bunu daha yaxşı görüblər.
- Rəqibin qol vurduğu cərimə zərbəsi zamanı kiçik mübahisə düşdü. Həmin epizodda “Neftçi”nin hücumçusu Ruslan Qurbanova qarşı, həqiqətən də, kobud oynamışdınız?
- Mənə görə, orda cəriməlik bir şey yox idi. Çünki Ruslan topu ayağından çox buraxdı və məcbur özünü mənə çırpdı. Çox qəşəng tullandı, baş hakim də cərimə zərbəsi təyin etdi.
- Ümumiyyətlə, hakimin qərarlarına tez-tez etiraz edirdiniz. Ömər Paşayevin idarəçiliyindən narazı qaldınız?
- (Bir qədər fasilə verir) Gəlin, bu suala cavab verməyim.
- Avropa Liqasının qrup mərhələsində son matçınızı Belçikada “Anderlext”ə qarşı keçirəcəksiz. Bu görüşdən nə gözləmək olar?
- Şansımız var və özümüzə inanırıq. Bundan maksimum yararlanmaq üçün əlimizdən gələni edəcəyik. Amma dərk etmək lazımdı ki, gedib hansısa birinci liqa komandası ilə yox, “Anderlext”lə qarşılaşacağıq.
- “Qarabağ” nədənsə səfər oyunlarında daha yaxşı təsir bağışlayır. Bu, evdə təzyiqin çox olmasından qaynaqlanır?
- Həm “Tottenhem”, həm də “Monako” ilə ilk görüşümüz səfərdə olmuşdu. Həmin vaxt oyunun gedişində rəqibi təhlil edirdik. Ancaq ikinci matça fərqli hazırlaşırdıq, onların boşluqlarını müəyyən edib, buna uyğun oyun qururduq. Bu görə kənardan, bəlkə də, elə görünür ki, ev oyunlarımızı fəal keçirmirik.