[b]“Qəbələ”: eyni şəhər, eyni məkan[/b]
04.12.2015 - 12:53
[b]“Qəbələ”: eyni şəhər, eyni məkan[/b]

“Qəbələ”nin qış hazırlıq proqramı məlum olub. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin apasport.az saytına verdiyi məlumata görə, ilk yarıda sıx qrafikdə çıxış edən komandaya 20 gündən çox istirahət veriləcək.

 

Dekabrın 19-da “Qarabağ”la keçiriləcək XVIII tur görüşündən sonra istirahətə yollanacaq futbolçular bir də yanvarın 10-da bir araya gələcəklər. “Qırmızı-qaralar” son illər olduğu kimi, yenə Antalyaya gedəcək. Məhz yanvarın 10-da yerli futbolçular burdan, əcnəbilər isə öz ölkələrindən Antalyaya yollanacaqlar. Artıq neçə ildi ki, qış hazırlığı zamanı Belek bölgəsində yerləşən “Gloria Serenity” otelində qalan “Qəbələ” yenə orda məskunlaşacaq.

 

Yanvarın 10-dan 27-dək davam edəcək hazırlıq dönəmində bir neçə yoxlama görüşü baş tutacaq. Hələlik komandanın konkret neçə oyun keçirəcəyi və kimlərlə qarşılaşacağı məlum deyil. Lakin danışıq aparılan komandalar arasında Ukrayna və Bolqarıstan klubları da var.

 

Yanvarın 27-də Vətənə dönəcək “Qəbələ” Topaz Premyer Liqasının III dövrəsinin son hazırlıqlarını doğma məkanda keçəcək. Komanda 2016-cı ildə ilk rəsmi oyununu yanvarın 30-da “Kəpəz”ə qarşı keçirəcək.

0