“Zirə”nin braziliyalı yarımmüdafiəçisi Dieqo Souza “Neftçi” ilə Topaz Premyer Liqasının XV turu çərçivəsində keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb
- “Neftçi” ilə dueli necə xarakterizə edərdiniz?
- Qələbə qazanacağımıza ümid edirdik. 90 dəqiqə ərzində bunun üçün mübarizə apardıq. Amma sonda 1 xalla kifayətləndik.
- İstəyinizi reallaşdırmağa nə mane oldu?
- Hamımız qol vurmaq üçün cəhdlər etdik. Çatışmayan məqam olmadı. Sadəcə, futbolun gözəlliyi də bundadı. Hesabı əvvəlcədən müəyyənləşdirmək mümkün deyil.
- “Zirə” debütant olmasına baxmayaraq, liderlər qrupunda yer alıb. Komandanın qısa vaxtda qurulmasına rəğmən bu uğuru əldə etməsinin kökündə nə dayanır?
- Əla kollektivimiz var. Ayrı-seçkiliyə yer yoxdu. İstər yerli, istərsə də legioner olsun, hamı bir-birinə hörmətlə yanaşır. Sıçrayışın kökündə bu cür ab-hava, mühit dayanır.
- Hər dəfə avrokuboklarda oynamaq, vəsiqə verən yerlərdən birini tutmaq üçün mübarizə apardığınızı deyirsiniz. Ancaq “Zirə” turnir cədvəlinin üst sıralarında yer alsa da, komandaya lisenziya verilməyə bilər. Bu sizi ruhdan salmır?
- Lisenziya qazana bilməsək, bu bizə təsir etməyəcək. Çünki heyətimizdə təcrübəli futbolçular çoxluq təşkil edir. Əsas məqsədimiz keçirəcəyimiz oyunları maksimum nəticə ilə başa vurmaqdı.
- Uzun müddət “Xəzər Lənkəran”da çıxış etmisiniz. Müəyyən fasilədən sonra yenidən Premyer Liqadasınız. Müqayisə apara bilərsiniz?
- Əvvəlki illərdə oynadığımla indiki futbol arasında fərqlər var. “Xəzər Lənkəran” fərqli üslubda oynayırdı. Bunlar haqda danışmaq yersizdi. Çünki istənilən halda meydana mübariz əhval-ruhiyyədə çıxıram və bacardığım qədər komandama kömək edirəm.
- Öz oyununuz haqqında demirəm, çempionatın səviyyəsi ilə bağlı müqayisə apara bilərsinizmi?
- Bəzi klublarda yaşanan maddi krizis əksər legionerlərin ölkənizi tərk etməsinə səbəb oldu. Buna rəğmən, çempionatın səviyyəsi pis deyil. Yaxın gələcəkdə biz həmin səviyyəni bərpa edəcəyik.