Topaz Premyer Liqasının XV tuurunda “Neftçi”nin qonağı olan “Zirə” erkən qol vursa da, meydanı 1 xalla tərk edib. Heç-heçə başa çatan oyundan sonra “Zirə”nin hücumçusu Luis Alberto Diez – Tato apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Qolu erkən vursanız da, hesabdakı üstünlüyünüzü qoruya bilmədiniz. Heç-heçə başa çatan 90 dəqiqə haqda fikrinizi bilmək maraqlı olardı.
- Oyun bərabər səviyyədə keçdi. Erkən qol vurduq, amma müdafiədə buraxdığımız kobud səhv bizə baha başa gəldi və üstünlüyümüzü əldən verdik. Rəqib hesabı bərabərləşdirdikdən sonra da meydanda eynisəviyyəli oyun izlədik. Artıq bu oyunu unutmalı və növbəti turda qarşılaşacağımız “Qarabağ”la qarşılaşmanı düşünməliyik.
- Hakimin qərarları futbolçuları tez-tez özündən çıxarırdı. Hər epizoda görə referinin fitini səsləndirməyi oyununuza təsir edirdimi?
- Referi oyunu yaxşı idarə etdi, şikayət etməyin yeri yoxdu. Oyun intensiv keçdi, hər iki komanda qol vurmağa çalışırdı. Ümumi götürdükdə, referinin işindən razıyam.
- Son dəqiqələrdə “Neftçi” daha çox tələsir, “Zirə” isə “vaxt öldürməyə” çalışırdı. Heç-heçənin komandanızı qane etdiyini demək olarmı?
- Bu, başadüşüləndi. Çünki rəqib meydanında oynayırdıq. Belədə meydan sahibləri daha çox hücum etməyə, qol vurmağa çalışırdı. Amma bizim də fürsətlərimiz oldu. Təəssüf ki, faydalana bilmədik.
- “Zirə” demək olar, hər oyuna fərqli heyətlə, daha doğrusu “11-lik”də dəyişiklik etməklə çıxır. Heyətin sabit olmaması oyununuza təsir edirmi?
- Haqlısınız, bu da komandadakı rəqabətdən xəbər verir. Geniş heyətimiz var. Məşq prosesində kim özünü yaxşı tərəfdən göstərirsə, daha çox çalışırsa, heyətə də onun adını daxil edirlər. Bu, yaxşı haldı. Biz də məşqçilərin etimadını doğrultmağa çalışırıq.
- “Zirə” I dövrədə “Neftçi”ni 2 cavabsız qolla məğlub etmişdi. Bəs arxada qalan müddətdə nə dəyişdi ki, bu gün siz rəqibinizi məğlub edə bilmədiniz?
- Bu, futboldu. Oyun zamanı istənilən nəticə qeydə alına bilər. Rəqibini 4:0 hesabı ilə uda da bilərsən. Amma səfərdəki heç-heçə də başadüşüləndi. Ümumiyyətlə, hər bir oyun fərqli şəraitdə, ab-havada keçir.
- “Zirə” cari mövsümdə ilk məğlubiyyətini “Qarabağ”la oyunda passivinə yazdırmışdı. Bu dəfə həmin yenilginin revanşını almaq mümkün olacaqmı?
- Öz meydanımızda hələ məğlub olmamışıq. Hər iki komanda meydana eyni sayda futbolçu ilə çıxır. Təbii ki, çalışacağıq bu seriyanı davam etdirək.