[b]“Dedim ki, niyə qışqırırsan? Öz futbolçunun tərbiyəsinə bax!” – Tərlan Əhmədov[/b]
08.12.2015 - 12:13
[b]“Dedim ki, niyə qışqırırsan? Öz futbolçunun tərbiyəsinə bax!” – Tərlan Əhmədov[/b]

“İmkan vermərəm ki, kimsə oyunçumun üstünə qışqırsın, onun ünvanına təhqiramiz ifadə işlətsin”. Bunu apasport.az saytına AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XV turu çərçivəsində dünən baş tutan “Rəvan” - AZAL (0:0) oyununda əsas diqqətçəkən məqam meydan sahiblərinin qapıçı məşqçisi Toğrul Əhmədovun tribunadan tez-tez qonaqların futbolçularının üstünə qışqırması, hətta onların ünvanına qeyri-etik ifadələr işlətməsi idi.

 

Elə görüşün gedişində dözməyərək, həmkarına “texniki zona”dan cavab verən Tərlan Əhmədov ikinci dəfədi belə halla üzləşdiyini söyləyib: “Bir epizodda iki komandanın futbolçuları arasında kiçik mübahisə yaşandı. Toğrul Əhmədov da qışqır-bağır salmağa başladı. Onun olduğu tribunaya tərəf yaxınlaşıb dedim ki, niyə qışqırırsan? Get, öz futbolçunla məşğul ol, onun tərbiyəsinə bax. Bilmirəm nədəndi, belə hallar bizim oyunlarda baş verir. “Sumqayıt”la matçda da rəqib komandanın baş məşqçisi nalayiq ifadələr işlətmişdi. Belə görünür ki, AZAL-ın uğurunu gözü götürməyənlər var. Gedib öz futbolçularının təlim-tərbiyəsi ilə məşğul olsalar daha yaxşı olar. Hər kəsin komandası var və hər bir məşqçi meydançada yalnız öz komandasına cavabdehdi”.

 

“Təyyarəçilər”in çalışdırıcısı, həmçinin qış fasiləsi dövründə təlim-məşq toplanışını öz bazalarında keçirəcəklərini və ölkə xaricinə çıxmayacaqlarını əlavə edib. O, heyətdə “təmizləmə” işi aparılmayacağını da vurğulayıb: “Çünki bu futbolçular pis gündə komandanın yanında olublar. Onları göndərmək fikrimiz yoxdu”.

 

Qeyd edək ki, AZAL Topaz Premyer Liqasında 15 turdan sonra turnir cədvəlində VII pillədə qərarlaşıb.

 

Ruslan SADIQOV

0