[b]“...Ağabalaya dedi ki, orda penalti var idi” - Uğur Pamuk[/b]
12.12.2015 - 17:01
[b]“...Ağabalaya dedi ki, orda penalti var idi” - Uğur Pamuk[/b]

Topaz Premyer Liqasının XVI turunda “İnter” üzərində 3:2 hesablı qələbə qazanan “Sumqayıt”ın futbolçusu Uğur Pamukun apasport.az saytına müsahibəsi

 

- “İnter”i məğlub etmək, deyəsən, sizin üçün də gözlənilməz oldu…

- Son 3 oyunda qələbə qazana bilmirdik. Yaxşı oynayırdıq, amma xallar itirirdik. Buna görə də söz verdik ki, bu gün uğursuz seriyanı dayandıraq. Heç-heçədən söhbət gedə bilməzdi. Buna da nail olduq. Hesab daha böyük ola bilərdi. Hətta 2 epizodda özüm də fərqlənə bilərdim. Təəssüf ki, alınmadı.

 

- Birinci hissədə 3 qol vursanız da, sonradan iki top buraxdınız. Fərq minimuma enəndə qələbəni əldən verəcəyinizi düşünürdüzmü?

- Qətiyyən. Bilirdik ki, “İnter”in müdafiə xətti güclüdü. Onlara qol vurmaq çətindi. “Qarabağ”la oyunlarına baxmışdıq. Rəqibə şans verməmişdilər. Şadam ki, biz elə birinci hissədə 3 qol vurduq və məqsədimizə çatdıq.  

 

- Hakimin idarəçiliyi haqda nə deyə bilərsiz? Birinci hissədə onun qərarlarına tez-tez etiraz edirdiz. İkinci hissədə isə “İnter”in qapısına penalti təyin etmədi...

- Hakim də insandı, səhv edə bilər. Ancaq bir şeyə əminəm ki, Zurab Xizanişvili Ağabala Ramazanova qarşı aşkar kobudluq etmişdi və referi penalti təyin etməli idi. Epizoddan sonra “İnter”in müdafiəçisi özü Ağabalaya dedi ki, orda penalti var idi. Deyəsən, referi epizoddan çox uzaqda qalmışdı. Səhv etdi, gənc hakimdi.

 

- Əvvəlki turlarda əsasən sona yaxın qələbəni əldən verirdiz. Buna görə komandada ruh düşkünlüyünün olacağı gözlənilirdi. Sizə stimul verir nə və ya kimdi?

- Samir müəllim. O komandaya gələndən futbolçuları oyuna yaxşı kökləyir. Biz də çalışırıq ki, tapşırıqlarını yerinə yetirək. Baş məşqçinin komandaya köməyi çoxdu.

 

- Əvvəlki baş məşqçi Aqil Məmmədov komandaya kömək edə bilmirdi?

- Elə deməzdim. Hər məşqçinin futbola öz baxışı, iş üsulu var.

 

- Mövsümün əvvəlində qələbəsiz oyunlar seriyası uzun çəkdi. Baş məşqçi dəyişikliyindən sonra işlər qaydasına düşməyə başladı...

- Həmin müddət bizim eniş dövrümüz idi. Amma indi yüksəlişdəyik. “Sumqayıt” hər zaman mövsümə pis başlayır. Lakin tədricən oyunumuzu tapır, nəticələrimizi yaxşılaşdırırıq.

 

 

 

0