[b]“Pley-off oyunlarına da təyinat ala bilərəm” – Əliyar Ağayev[/b]
14.12.2015 - 13:01
[b]“Pley-off oyunlarına da təyinat ala bilərəm” – Əliyar Ağayev[/b]

Azərbaycanın FİFA dərəcəli hakimi Əliyar Ağayevin apasport.az saytına müsahibəsi

 

- Avropa Liqasının qrup mərhələsinə təyinat alan ilk azərbaycanlı hakim oldunuz. “Rapid” (Avstriya) – “Dinamo” (Minsk, Belarus) matçındakı idarəçilik ürəyiniz istəyən kimi keçdi?

- Öz işimə qiymət verməyi xoşlamıram. Amma ümumilikdə hakimlər briqadası olaraq komanda şəklində yaxşı idarəçilik etdiyimizi düşünürəm. Buna görə digər həmkarlarıma da təşəkkür edirəm.

 

- Meydana çıxanda həyəcan var idimi?

- Açığı, həyəcanlı idim. Ümumiyyətlə, mən adi bir oyuna gedəndə belə, həyəcanlı oluram. Amma çalışıram start fitinə qədər bu həyəcanı boğum. Bu dəfə də belə oldu.

 

- İlk dəfə qrup oyununu idarə etmək üzərinizdə təzyiq yaratmırdı?

- Xeyr, hansısa bir təzyiq hiss etmədim. Hələ hakimliyə başlayanda ən böyük arzum böyük turnirlərdə oyunlar idarə etmək olub. Allaha şükür, bu istəyimə nail oldum. Avropa Liqası da qitənin ikinci böyük turnirdi. İnanıram ki, bundan sonra da müntəzəm Avrokubok matçlarına təyinat alaram, ölkəmi ən yaxşı şəkildə təmsil edərəm.

 

- “Rapid” meydandan 2:1 hesablı qələbə ilə ayrıldı. Görüşdən sonra komandaların sizin idarəçiliyinizə münasibəti necə oldu?

- Düzü, hər hansı bir narazılıq olmadı. Belarus komandası məğlub olmasına və onların qapısına penalti təyin etməyimə baxmayaraq, “Dinamo” rəhbərliyi matçdan sonra bizə idarəçiliyə görə təşəkkürünü bildirdi.

 

- Qarşılaşmanın inspektoru Ukrayna Hakimlər Komitəsinin sədri Lusiano Luçi idi. Yəqin ki, görüşdən sonra onunla söhbətiniz oldu...

- Bəli, aramızda 5 dəqiqəlik söhbət oldu. Luçi mənə metodiki tövsiyələr verdi. İki epizodda daha tez fit çala biləcəyimi söylədi. Amma ümumilikdə idarəçiliyimdən razılıq bildirdi.

 

- Hazırda ikinci kateqoriyaya maliksiniz. Birinci kateqoriyanı almaq üçün nə qədər gözləməlisiniz?

- Luçi söhbət zamanı bununla bağlı da danışdı. Dedi ki, çox güman, tezliklə birinci kateqoriyanı alacaqsan. Bunun üçün mövsümün sonuna qədər bu formanı qorumalı, özümü yaxşı tərəfdən göstərməliyəm. Əgər birinci kateqoriyanı alsam, o zaman pley-off mərhələsinin oyunlarına da təyinat ala bilərəm. Mənim də növbəti hədəfim budu. Əlimdən gələni edəcəm ki, Azərbaycan hakimliyini daha böyük turnirlərdə təmsil edim.

 

- Topaz Premyer Liqasının XVI turuna baş hakim kimi təyinat almamağınız yorğunluqla bağlı idi?

- Bildiyiniz kimi, “Qəbələ” – “Neftçi” görüşündə əlavə köməkçi hakim funksiyasını daşıdım. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Avroliqadakı idarəçiliyi nəzərə alıb, məni çox yükə salmaq istəmədi. Hətta təyinat alsaydım belə, Xaqani müəllimdən xahiş edəcəkdim ki, bu turda baş hakim olmayım.

 

Ruslan SADIQOV

0