Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Topaz Premyer Liqasında çıxış edən klubların geyimlərində futbolçuların ad və soyadlarının Azərbaycan dilində latın qrafikasına uyğun yazılması ilə bağlı müraciətinə cavab verib. Bu barədə APA-ya Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Nəzakət Qazıyeva məlumat verib.
Onun sözlərinə görə, AFFA-dan bildirilib ki, Premyer Liqadan çıxış edən komandaların geyimləri çempionat başlamazdan 2-3 ay əvvəl sifariş edilir: “Cavab məktubunda qeyd olunub ki, geyimlərin üzərindəki ad və soyadların mövsümün gedişində yenilənməsi texniki baxımdan çətin olduğuna görə məsələnin növbəti mövsümdən etibarən müsbət həllini tapması üçün Dilçilik İnstitutunun məktubu Azərbaycan çempionatının təşkil işləri ilə məşğul olan Peşəkar Futbol Liqasına yönləndirilib”.
Qeyd edək ki, Topaz Premyer Liqasında çıxış edən bəzi klubların geyimində ad və soyadlar əcnəbi qrafikalarda yazılıb. Bununla bağlı, AMEA Nəsimi adına Dilçilik İnstitutu Topaz Premyer Liqasında çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının Azərbaycan dilində latın qrafikasına uyğun yazılması ilə bağlı AFFA-ya müraciət edib.