[b]Ağasəlim Mircavadov: "Qarabağ”ın özü günahkardı[/b]
16.12.2015 - 15:32
[b]Ağasəlim Mircavadov: "Qarabağ”ın özü günahkardı[/b]

““Qarabağ” ardıcıl ikinci mövsümdü Avropa Liqasının qrup mərhələsində oynayır. Komanda ildən-ilə inkişaf etməli, arxada qalan görüşlərdə analiz aparıb, səhvləri üzərində işləməlidir. Oyununu da mükəmməl etməlidi”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Azərbaycanın ən titullu futbol məşqçisi Ağasəlim Mircavadov deyib.

 

Artıq komandalarımızın beynəlxalq arenalardakı çıxışları başa çatıb. Son oyunu noyabrın 17-də Moldovaya qarşı keçirən yığmamızın ardınca klublarımız da Avrokubokdakı mübarizəsini yekunlaşdırıb. Komandalarımızın beynəlxalq arenalardakı çıxışını dəyərləndirən mütəxəssis bildirib ki, Avropa Liqasında “Krasnodar”la oyunun nəticəsindən asılı olmayan “Qəbələ”nin ardınca “Qarabağ”ın da mərhələ adlaya bilməməsinin günahı özündədir.

 

A. Mircavadovun sözlərinə görə, VI turda “Anderlext”ə məğlubiyyət olaraq mübarizəni dayandıran Ağdam təmsilçisi pley-offda oynamağa layiq komandadır: “Ötən il komandanın pley-offa çıxa bilməsində hakimin böyük səhvi oldu. “İnter”lə qarşılaşmada ədalət təmsilçiləri “Qarabağ”ın təmiz qolunu qeydə almadılar. Amma bu mövsüm komandanın özü günahkardır. Məsələn, “Monako” ilə çox yaxşı oynayırdılar, qol vəziyyətləri də vardı. Lakin istifadə edə bilmədilər. “Anderlext”lə sonuncu görüşdə də “Qarabağ” üstün idi. Real olmasa da, bəzi qol vəziyyətləri yaradırdılar. Yəni əvvəldən komandaya qol vuran futbolçunun lazım olması bilinirdi. “Reynaldomuz var, o hər şeyi həll edəcək” demək, düzgün qərar deyil. Çünki tək Azərbaycan çempionatında oynasan, başa düşmək olar. Amma Avropada elə deyil. İkincisi, standart hücumlarda, künc zərbələrində və cinahlarda ikinci mərtəbədə zəif oynadıq. Uzağa getmək lazım deyil, “Seltik”lə matç heç-heçə bitə bilərdi. Lakin kornerdən qaldırılan topu 82-ci dəqiqədə başla qapımızdan keçirdilər. Belə səhvlər Avropada bağışlanmır. Amma “Qarabağ” heyf ki, mərhələ adlaya bilmədi. Onlar qrupdan çıxmağa layiq komandadır”.

 

Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”də və yığmada A. Mircavadovun rəhbərliyi altında oynayıb. Təcrübəli mütəxəssis bildirib ki, öz tələbəsinin uğurları ilə yalnız fəxr edir və hansısa qısqanclıqdan söhbət gedə bilməz.

 

“Qəbələ”nin Avroliqanın qrupunda ilk dəfə çıxışına sevindiyini deyən ölkənin ən titullu məşqçisi əyalət klubunun oyunlarını da dəyərləndirib. Onun sözlərinə görə, 2 Azərbaycan klubunun qrupda olması çox önəmlidir: “Qəbələ”nin iştirakını qənaətbəxş hesab edirəm. Komanda heyətdə yer alan futbolçulara görə lazımı səviyyədə oynadı. Haradasa, bəxt amilinin də onların xeyrinə işləmədiyini deyə bilərəm. Klubunun prezidenti Tale Heydərov orada çox işlər görüb. Səmimi deyim ki, meydançalar, komandanın akademiyası, orada olan işgüzarlıq əladır. Lakin akademiyanın yetişdirdiyi uşaqlar əsas heyətdə oynamalıdır”.

 

A. Mircavadov artıq 4 dəfə Avroliqanın qrup mərhələsində mübarizə aparan Azərbaycan klublarının Çempionlar Liqasının qrupuna düşməyin vaxtı yetişdiyini bildirərək, bunun üçün hansı addımlar atılmalı olduğunu açıqlayıb: “Buraya düşmək üçün birincisi güclü oyunçu və büdcə vacibdir. Klubun öz strategiyası da olmalıdır. Plana uyğun pillə-pillə hərəkət edilməlidir. Məsələn, bu il Çempionlar Liqasının qrup mərhələsinə çıxan “Astana”nın prezidenti müsahibəsində qeyd edib ki, biz Avropa Liqasına düşmək istəyirdik. Lakin komandada səviyyəli futbolçuların yer alması onların daha yüksək yarışda oynaması ilə nəticələndi. Hər il burada oynamaq başqadır. Bir də təsadüf var. Mən bunu istəmirəm. Bilək ki, hər il Çempionlar Liqasında və ya Avropa Liqasında oynayacaq komandamız olacaq”.

 

Həmişə yerli mütəxəssislərin tərəfində olan A. Mircavadov Qurban Qurbanovun işini yüksək qiymətləndirib: “Burada söhbət inkişafdan gedir. Bəli, adlarını qeyd etdiyiniz Roman Qriqorçuk “Qəbələ”ni Avropa Liqasına çıxarıb, Robert Prosineçki millinin oyununda dönüş yaradıb. Amma başqa bir məsələ var. Hazırda klublarımızda maliyyə durumu ağırdır. Bununla belə yenə xarici məşqçi axtarırlar. Bunu özüm üçün demirəm. Tarix göstərib ki, Azərbaycanda bütün uğurları yerli məşqçilər qazanıb. 1966-cı ildə “Neftçi”nin tarix yazmasından bu günə kimi belədir. Amma yerli məşqçilərə münasibət çox pis olub. Şəxsən mən klublarda futbolçuların yetişdirilməsində, inkişafında və milliyə hazır vəziyyətdə gəlməsində yerli məşqçiləri görürəm. Çünki onlar işlərini bacarırlar, tükənmirlər. Məsələn, “Bakı”da Vilfred Şafer vardı. Bir dəfə komandası ilə oynadıqdan sonra soruşdum ki, iş metodunuz necədir? Oyun qurtardıqdan sonra da komandada qalıb, hansısa iş görürsüzmü? Dedi ki, oyun başa çatdısa, mən də öz işimi görmüş olur və istirahət edirəm. Ona qarşılaşmadan sonra futbolçularla söhbətlər apardığımızı, evlərinə getdiyimizi, həyat tərzi ilə maraqlandığımızı söylədim. O da bildirdi ki, bu şeylər səlahiyyətində deyil. Onlar peşəkardırlar. Amma biz elə etmirik. İstəyirik ki, Azərbaycan futbolunun inkişafı üçün gənc nəsil də tez yetişsin”.

 

İlin ən yaxşı yerli və əcnəbi futbolçusunun konkret adını açıqlamaqdan yayınan mütəxəssis təcrübəli oyunçularımızın liderliyi qoruduğu qənaətindədir: “Açığını deyəcəyəm. Xarici oyunçularla işləmək bilirsiniz niyə asandır? Çünki onlar buraya pul üçün gəliblər. Bu pulu da qazanmaq üçün gərək həmişə formada olsunlar. Bu səbəbdən də işləyəcəklər. Amma yerli oyunçular nadir hallarda öz üzərində çalışırlar. Həmişə bunu özlərinə də deyirəm. Mümkün deyil ki, bizdə futbolçu yetişməsin və xaricə getməsin. Deməli, günah özlərindədir. İkincisi də klublardakı iş şəraitidir. Əgər gündə bir məşq olursa, uzağa getmək mümkün deyil. Biz sabiq SSRİ dövründə “Neftçi”də işləyəndə oyunçular səhər məşqə gəlib, axşam şam yeməyindən sonra evə gedirdi. Fərqləndirə biləcəyim futbolçulara gəlincə, yenə təcrübəlilərə üstünlük verirəm. Onlar böyük məktəb keçiblər, üzərilərində çox işləyiblər. Cavanlar da var. Adlarını çəkmək istəmirəm ki, inkişaf davam etsin”.

 

Robert Prosineçkinin millidə bir ilinə qiymət verən A. Mircavadov onunla sabiq baş məşqçi Berti Foqts arasında böyük fərq olduğunu qeyd edib. O bildirib ki, xorvatiyalı mütəxəssis futbolçularla da səmimidir və bunun da hesabına uşaqlar özlərinə gəliblər.

 

Topaz Premyer Liqasının gedişi barədə fikirlərini açıqlayan A. Mircavadov “Qarabağ”ı ardıcıl 3 çempionluğa gedən yolda hədəfə maneəsiz çatacağına inam ifadə edib. Onun sözlərinə görə, buna yalnız komandanın özü mane ola bilər.

0