“Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəlin apasport.az saytına müsahibəsi
- Başa çatmaq üzrə olan 2015-ci ili “Qarabağ” üçün necə dəyərləndirirsiz?
- Turnir cədvəlində birinci yerdəyiksə, hər hansı bir narazılıqdan söhbət gedə bilməz. Çox istəyirdik ki, bu il Avroliqada qrupdan növbəti mərhələyə yüksələk, amma alınmadı. Bu istisna olmaqla, hər şey qaydasındadı. Daha çox işləməliyik ki, daha da qabağa gedək.
- “Qarabağ” ardıcıl ikinci dəfə Avroliqanın qrup mərhələsində çıxış etsə də, növbəti mərhələyə yüksələ bilmədi. Komandada nə çatışmadı?
- Bunun bir çox səbəbi ola bilər. Çox güman ki, baş məşqçimiz Qurban Qurbanovun öz təsbitləri və proqnozları olacaq və ona uyğun da iş görəcək.
- Razısız ki, yayda aldığınız futbolçulardan Əl-hərbi Əl Jadeyui, Raydell Pupon, Vladimir Dimitrovski və Miçel daxil olmaqla, bəziləri etimadı doğrulda bilmirlər?
- Bizim bu barədə nəsə fikir səsləndirməyimiz düz olmaz. Onlar bu gün də futbolçularımızdı. Həmin oyunçular sizin ümidlərinizi tam olaraq doğrultmaya bilərlər. Amma biz onları transfer etməmişdən əvvəl nəzarətə götürmüş, oyunlarını izləmişdik. Bundan sonra isə komandamıza transfer etmişdik. Ola bilər ki, kimsə uyğunlaşmayıb, kimsə ümidləri tam doğrultmur. Bu haqda ən doğru qərarı baş məşqçimiz verəcək.
- Qurban Qurbanov “Qarabağ” rəhbərliyindən qışda yeni transfer tələb edibmi?
- Hələlik bu barədə söhbətimiz olmayıb. Əlbəttə ki, qış planımız bilinir. Amma qış fasiləsinə qədər “Qəbələ” ilə çox vacib çempionat oyunumuz var. Həmin matçı keçirdikdən sonra bu məsələlər haqda danışacağıq.
- Mətbuatda sabiq futbolçunuz Muarem Muarem və “Xəzər Lənkəran”dan ayrılacaq Rahid Əmirquliyevin adı “Qarabağ”la birgə çəkilir...
- Nə Muaremlə, nə də başqa bir futbolçu ilə görüşümüz olub. İl başa çatmamış, “Qəbələ” ilə oyundan sonra Qurban müəllimlə rəsmi iclasımız olacaq və o, tələblərini rəhbərliyə çatdıracaq.
- “Qarabağ”ın Türkiyədə keçirəcəyi qış təlim-məşq toplanışında hansı komandalarla yoxlama oyunu keçirəcəyi bilinirmi?
- Bir neçə komanda ilə razılıq əldə olunmuşdu, amma onlar öz fikirlərini dəyişdilər. İmtina edənlər əsasən Rusiya komandaları idi. Türkiyəyə gəlmək istəmədikləri üçün bu addımı atdılar. Yeni rəqiblərimizin adları Antalyaya gedənə, yəni yanvarın 5-nə qədər müəyyənləşəcək.
- “Qarabağ” Topaz Premyer Liqasının cari mövsümündə xal itkisinə az yol verməsə də, yenə liderdi və ən yaxın izləyicisini 8 xal qabaqlayır. Bu onu göstərmir ki, ölkə çempionatında sizinlə çempionluq mübarizəsi aparacaq səviyyədə komanda yoxdu? “Qarabağ”ın səviyyəsi çempionatın səviyyəsindən üstün görünmürmü?
- Bu gün çempionat oyunlarında hər nəticəni gözləmək olur. “Sumqayıt”la matçda son saniyələrdə vurduğumuz qolla heç-heçə edə bildik. “Zirə” son turda “Qəbələ”ni, AZAL isə “Neftçi”ni üstələdi. Maraqlı çempionatın şahidi oluruq. Yüksək liqanın səviyyəsinin düşüb-düşmədiyini deyə bilmərəm. Amma “Qarabağ” bu il həm Avropada, həm də ölkə çempionatında yaxşı çıxış etdi. 6-7 il əvvəl Avrokubokda oynayan komandaların çempionat görüşü təxirə salınırdı, biz də bunu etmişdik. Amma Avropada necədisə, artıq Azərbaycanda da elədi. Niyə də “Qarabağ”la sona qədər çempionluq mübarizəsi apara biləcək komanda olmasın? “Qəbələ” və “İnter” komandalarını qeyd edərdim. Hələ qarşıda çempionatın daha 2 dövrəsi var.
- Bir neçə tur öncə “Qarabağ”ın çempionat formalarında Premyer Liqanın sponsoru olan “Topaz”ın adının üstündən ağ yapışqan lent çəkilmişdi. Bu nə ilə bağlı idi?
- Bu, əvvəlki oyunlarda olub. Onda “Topaz”la PFL arasında hələ razılıq əldə olunmamışdı və yaxud da biz bundan xəbərdar deyildik. Həmin vaxt çempionatın sponsorunun dəyişmək ehtimalı var idi. Buna görə də, biz tərəfdən o cür addım atılmışdı. Sonra həmin lentləri yığışdırdıq. Hazırda belə bir problem yoxdu.
Tengiz MƏMMƏDOV