[b]“Öz-özümə deyirdim ki, sən də elə xəyallarda vur” – MÜSAHİBƏ[/b]
21.12.2015 - 11:02
[b]“Öz-özümə deyirdim ki, sən də elə xəyallarda vur” – MÜSAHİBƏ[/b]

“Kəpəz”in müdafiəçisi Tərlan Quliyevin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XVIII turunda “Neftçi” ilə qollu (1:1) heç-heçə etdiniz. Bu nəticə ürəyinizcə oldu?

- Bilirdik ki, çox çətin oyun olacaq. “Neftçi” Azərbaycanın “flaqman”ıdı. Digər görüşlərlə müqayisədə bu dəfə daha yüksək motivasiya ilə hazırlaşmışdıq. Önə keçsək də, qələbə hesabını qoruya bilmədik. Hətta 1:1-dən sonra da qol imkanlarımız oldu, istifadə edə bilmədik. Bu nəticəyə çox heyfsilənirik.

 

- “Neftçi”nin sabiq futbolçusu kimi, bu komandaya qarşı oyun sizdə xüsusi motivasiya yaratmadı?

- Xeyr. Çünki mən “Neftçi”də oynayanda indiki rəhbərlik deyildi. Çox dəyişikliklər olub. Bizim oynadığımız dönəmdən 2-3 futbolçu qalıb. Acıq hissi ilə oynamırdım.

 

- Əvvəlki oyunçular qalsaydı da bu cür düşünəcəkdiniz?

- Xeyr, o zaman hər şey fərqli olardı. O komanda qalsaydı, özümü təsdiq etmək üçün əlimdən gələni edərdim.

 

- Vurduğunuz qol zamanı, həqiqətən də, qapını nişan almışdınız?

- Düzü, bir gün əvvəl otaqda oturmuşdum, cərimə zərbələrinin xəyalını qururdum. Fikirləşirdim ki, topu cərimə meydanına göndərərəm, bəlkə təsadüfən qapıya girdi. Sonra da öz-özümə deyirdim ki, sən də elə xəyallarda vur e. Qol epizodunda da, açığı, topu qapıya vurmaq fikrim yox idi. Ötürmə edirdim, top qapıya getdi.

 

- Deməli, qol vuracağınızı hiss etmişdiniz?

- Bəli, ürəyimə dammışdı.

 

- Daha bir neçə cərimə zərbəsi yerinə yetirsəniz də, onlardan yararlana bilmədiniz...

- Həqiqətən də, daha 1-2 qol vurmaq imkanım yaranmışdı. Həmin epizodlarda bir toxunuş lazım idi ki, topun traektoriyası dəyişsin, amma alınmadı. “Neftçi”nin müdafiə xətti güclüdü. Qırmızı vərəqəni də tez aldıq. Bu olmasaydı, oyun bizim qələbəmizlə bitərdi.

 

- Baş hakim Tural Nərimanovu meydançadan qovmaqda haqlı idi?

- Düzdü, həmin epizodu dəqiq görmədim. Turalın özündən soruşdum, dedi ki, rəqib məni vurdu, mən də onu əlimlə itələdim. Deyilənə görə, dirsəklə vurub, amma Tural belə olmadığını bildirdi. Məncə də qırmızı vərəqəlik hərəkət deyildi.

 

- Bu cür meydançada oynamaq çətin deyil?

- Çox çətindi. Kənardan, bəlkə də, belə görünmür. Amma meydançada çox əziyyət çəkdik. Altı dəmir buts da geyinirik, yenə sürüşür. Buna baxmayaraq, hamımız sona qədər “vuruşuruq”, birdən zədələnərik fikri ilə meydançaya çıxmırıq. Ancaq yenə də top saxlamaq, onunla irəliləmək çox çətindi. Topu önünə atırsan, bilmirsən yıxılacaqsan, yoxsa ötürmə verə biləcəksən.

 

- Hesabı açdıqdan sonra müdafiəyə çəkildiniz. Bunun üçün tez deyildi?

- Hələ gənc komanda olduğumuz üçün artıq neçənci dəfədi hesabı açsaq da, sonra qol buraxırıq. AZAL-la matçda da sona yaxın qol vurduq, amma geriyə çəkildiyimiz üçün dərhal top buraxdıq. “Qarabağ”la görüşdə də hesabı 1:1 edən kimi geri çəkildik və qol buraxdıq. Bizdə bu, bir növ adət halını alıb. Gənc komandayıq, təcrübəsizlikdən qaynaqlanır.

 

- “Kəpəz” mövsümün əvvəlində yaranmış komandadı. Sizcə, layiq olduğunuz yerdəsiniz?

- Avropa Liqası barədə mənə bir neçə dəfə sual verilib. Düzdü, “vuruşuruq”, əlimizdən gələni edirik. Amma məncə, Avroliqa üçün hələ tezdi. Çünki yeni yaranmış komandayıq. “Qarabağ”, “Qəbələ”, “Zirə” kimi güclü şəraitimiz də yoxdu, deyim ki, bazamız var, oyundan sonra dincələk, məşqdən əvvəl trenajor zalına girək. Bizdə sadəcə, kollektiv ruh, mehribanlıq var.

 

- Amma iki dövrədən sonra ilk “üçlük”dən cəmi 3 xal geri qalırsınız...

- Çox çətin olar. Amma sona qədər mübarizə aparmaq lazımdı.

 

- Etiraf etmək lazımdı ki, çempionatın səviyyəsi aşağı düşüb. Yəqin ki, belə vəziyyətdə Avrokuboka iddia etmək sizin üçün daha realdı...

- Çempionat çox zəifləyib. 2-3 il əvvəlki çempionatla müqayisə etmək olmaz. “Qarabağ”ı çıxmaq şərtilə digər komandaların hamısının gücü eyni səviyyədədi. Bir az da “Qəbələ” oyunçuları fərdi keyfiyyətlərinə görə seçilir. Razıyam ki, bu vəziyyətdə Avroliqa uğrunda mübarizə apara bilərik.

 

- “Qarabağ”da uzun müddət ehtiyatda qaldıqdan sonra “Kəpəz”də müntəzəm çıxış etməyə başlamısınız. Artıq öz formanızı bərpa edə bilmisiniz?

- “Qarabağ”da məni əsasən müdafiənin solunda oynadırdılar. Düzdü, əvvəllər mərkəz müdafiəçisi olmuşam. Böyükağa Hacıyevin vaxtında “Neftçi”də mərkəzdə də, solda da, dayaq yarımmüdafiəçisi mövqeyində də çıxış etmişəm. “Qarabağ”a, onun oyun sisteminə uyğunlaşa bilmədim. “Neftçi” ilə “Qarabağ”da sistem fərqlidi. “Kəpəz”də əlimdən gələni edirəm ki, var gücümü meydançaya qoyum. Komandamın uğuru üçün "vuruşmaqda" davam edəcəm.

 

- Yenidən milli komandaya çağırılacağınızı düşünürsünüz?

- Əgər yığmada əsas heyətdə mənə etimad göstərilsə, canla-başla mübarizə aparmağa hazıram. Özümü hazır sayıram və yığmadan dəvət gözləyirəm.

 

Ruslan SADIQOV

0