“Qəbələ” klubunun müdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XVIII turunda “Qarabağ”la səfərdə bərabərə (1:1) qaldınız. Qış fasiləsinə qələbə ilə yollanmağınıza nə mane oldu?
- Çox çətin oyun oldu. Bilirdik ki, xal almalıyıq. Amma qələbə qazansaydıq, daha yaxşı olardı. Fikrimcə, oyunun dönüş nöqtəsi penaltidən istifadə edə bilməməyimiz oldu. Məncə, penaltini qola çevirə bilsəydik, “Qarabağ” müdafiədə boşluqlar buraxacaqdı. Evdə çıxış etdikləri üçün onlara da xal lazım idi. Bundan yaxşı istifadə edib, hesab arasındakı fərqi artıra bilərdik. Düzdü, son oyunlarda uğursuz çıxış edirdik. Heç olmasa ili qələbə ilə başa vurmaq olardı. Qolla nəticələnməyən penaltini nəzərə alsaq, fikrimcə, bu qarşılaşmada 2 xal itirdik. Artıq hər şeyi kənarda qoyub yaxşı istirahət etmək lazımdı. Qış fasiləsindən sonra buraxdığımız səhvləri təkrarlamamalıyıq.
- Erkən qoldan sonra gözləmək olardı ki, sürətli əks-hücumlara tez-tez çıxacaqsınız. Ancaq nədənsə, tez müdafiəyə “oturdunuz”. Bu, baş məşqçinin tapşırığı idi?
- “Qarabağ”ın hər zaman hücumda yaxşı çıxış edən futbolçuları var. Topla yaxşı rəftar edən komandadı. “Qarabağ”ın səviyyəsi hamıya məlumdu. Birinci hissədəki bir neçə epizodda əks-hücumdan lazımınca yararlana bilsəydik, fərqi artıra bilərdik. Bunu edə bilsəydik, oyun tamam başqa axarda keçərdi. Gələcəkdə eyni səhvləri buraxmamaq üçün bundan nəticə çıxarmaq lazımdı.
- Birinci hissədən fərqli olaraq, fasilədən sonra yarımmüdafiə xəttiniz çox yorğun görünürdü. Belədə bütün yük müdafiəçilərin üzərinə düşdü...
- “Qarabağ” elə komandadı ki, boş zona buraxan kimi, onlar bundan istifadə edirlər. Məğlub durumda olduqlarından, onlara qol lazım idi. Təbiidi ki, hücumda daha da çoxaldılar. Futbolçularda yorğunluq olması normal haldı. Çünki uzun müddət idi ki, üç gündən bir oyun keçirirdik. Eyni anda həm Avroliqa, həm də çempionatda çıxış etmək öz təsirini göstərdi. İndi yaxşı istirahət edib, üçüncü dövrəyə tam hazır vəziyyətdə başlamaq olar.
- “Qəbələ”də penaltiləri adətən Aleksey Qay yerinə yetirir. Topa Dodonun yaxşınlaşması öncədən planlaşdırılmışdı?
- Bəli, bizdə penaltiləri həmişə Qay yerinə yetirir. Nədənsə bu dəfə Dodo vurmaq istədi. Məncə, qol vura bilmədiyi üçün onu qınamaq doğru olmaz. Futbolda belə hallar hər kəsin başına gələ bilər.
- “Qarabağ” qış fasiləsinə sizdən 10 xal öndə yollandı. Bunun Avropa Liqasındakı çıxışınızla bir əlaqəsi varmı?
- Düzdü, “Qarabağ” da Avroliqada çıxış edirdi. Məncə, bunun da müəyyən qədər təsiri oldu. Son matçda onları məğlub edə bilsəydik, xal fərqini bir qədər azaltmış olacaqdıq. Artıq sıx qrafikdə çıxış geridə qaldı. Bundan sonra hədəfimiz fərqi azaltmaq olmalıdı.
- “Qəbələ” üçün ilk yarını necə dəyərləndirmək olar?
- Ən əsası odu ki, komanda Avropa Liqasının qrup mərhələsinə qədər irəlilədi. Bu, “Qəbələ” tarixində bir ilk və böyük uğur idi. Bunu davamlı etmək lazımdı ki, klub daim ən azı Avroliqanın qrupunda iştirak etsin.
- Sizin də qeyd etdiyiniz kimi, “Qəbələ” ilk dəfə idi qrup mərhələsində mübarizə apardı. Sanki komanda sıx təqvimə öyrəşməmişdi...
- Xüsusən də, çempionatda öz meydanımızda keçirdiyimiz əksər oyunlarda heç nədən xal itkilərimiz oldu. Halbuki həmin görüşlərin hamısında üstün tərəf biz idik. Qol epizodlarından yararlana bilmirdik. Bu da rəqiblərdə özünəinamı artırırdı. Bütün rəqiblər Qəbələyə 1 xal qazanmaq üçün gəlirdilər. Əksər vaxtlarda da buna nail oldular. Məncə, xal itkilərimiz rəqiblərin bizə qarşı daha sıx müdafiə olunması ilə bağlı idi. Belə vəziyyətdə qələbə qazanmaq çox çətindi.
- Qarşıda hələ iki dövrə var. Bu müddətdə “Qarabağ”a çatmağınız nə dərəcədə real görünür?
- Ötən mövsümdə də belə halla üzləşmişdik. Liderlər qrupundan xeyli geridə idik. Ardıcıl qələbələr qazanaraq, mövsümü titulla başa vurmağı bacardıq. Məncə, hər şey mümkündü. Qarşıda hələ çox oyunlar var. İndi buraxdığımız səhvləri gələcəkdə təkrarlamasaq, istəyimizə çatarıq.
Ruslan SADIQOV