[b]Junior Osvaldo: “Xəzər Lənkəran” geri dönüş edəcək - MÜSAHİBƏ[/b]
22.12.2015 - 12:36
[b]Junior Osvaldo: “Xəzər Lənkəran” geri dönüş edəcək - MÜSAHİBƏ[/b]

“Kəpəz” klubunun braziliyalı yarımmüdafiəçisi Junior Osvaldonun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XVIII turunda “Neftçi” ilə evdə heç-heçə (1:1) etdiniz. Sizcə, bu, uğurlu nəticədi?

- Maraqlı oyun oldu. Fikrimcə, 1:1 hesabı pis nəticə deyildi. Düzdü, qələbə qazanmaq şanslarımız var idi. Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik. Əks təqdirdə, oyundan 3 xalla ayrılardıq. Ancaq qazandığımız 1 xal da çempionluq uğrunda mübarizədən qopmamağımıza imkan verir. Ümumiyyətlə, biz bütün oyunlarda qələbə qazanmaq istəyirik.

 

- Lider “Qarabağ”dan 12 xal geri qalırsınız. Çempion olacağınıza inanırsınız?

- Əlbəttə. Doğrudu, hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmışıq. Üçüncü dövrədən etibarən oyundan-oyuna irəliləmək istəyirik. Bunun üçün də qələbələr qazanmalıyıq. Hələ də çempionluğa ümidimiz var. Bizim öz istəklərimiz və ambisiyalarımız var. Çempionluq şanslarımızın az olduğunu düşünmürəm.

 

- “Neftçi” ilə qarşılaşmada qol vurduqdan sonra müdafiəyə çəkildiniz. Mübarizəni eyni tempdə davam etdirə bilməzdiniz?

- Mən düşünmürəm ki, müdafiə futbolu oynadıq. Fikrimcə, hücuma daha çox aludə olduq. Hesab 1:1 olduqdan sonra da daha çox hücumlar edən tərəf biz idik. Gördüyünüz kimi, “Neftçi” də bizi əks-hücumda yaxalayıb bərabərlik qolunu vurdu.

 

- Texnikalı oyunu sevən braziliyalı futbolçu kimi, belə meydanda oynamaq sizə çətinlik yaratmırdı?

- Çox çətindi. Nə etmək olar? Amma əlimizdən başqa heç nə gəlmir. Bizim işimiz çıxıb mübarizə aparmaq, sona qədər “döyüşməkdi”. Çalışırıq yalnız oyunumuza köklənək, başqa amillərə fikir verməyək.

 

- “Kəpəz”in ilk yarıdakı çıxışı və nəticələri ürəyinizcədimi?

- Yaxşı çıxış etdik. Nəzərə almaq lazımdı ki, bu kollektiv mövsümün əvvəlində yeni yığılmışdı. Məncə, debütant komanda üçün bu nəticə çox yaxşıdı. Turnir cədvəlindəki vəziyyətimiz də pis deyil. İkinci yerdəki komandadan cəmi 4 xal geri qalırıq. Bunu isə aradan qaldırmaq mümkündü. İnanıram ki, qış fasiləsindən sonra tempi daha da artırıb, mövsümü medalçılar sırasında tamamlayacağıq.

 

- Keçmiş komandanız “Xəzər Lənkəran”ın hazırkı durumu sizi üzmür?

- “Xəzər Lənkəran”da gözəl günlərim keçib, orda sevə-sevə oynayırdım. Üç bu o komandanın formasını geyinmişəm. Bizim vaxtımızda komanda daha yaxşı çıxış edirdi. Təəssüf ki, hazırda vəziyyətləri pisdi, turnir cədvəlinin aşağı pillələrində yer alırlar. Ancaq inanıram ki, “Xəzər Lənkəran” geri dönüş edəcək. Qış fasiləsində edəcəkləri transferlərlə əvvəlki kimi oynayacaqlarını və turnir cədvəlində irəliləyəcəklərini düşünürəm.

 

Ruslan SADIQOV

0