[b]Cavid İmamverdiyev: Biz belə azarkeşləri çox görmüşük [/b]
22.12.2015 - 17:06
[b]Cavid İmamverdiyev: Biz belə azarkeşləri çox görmüşük [/b]

“Neftçi” klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyevin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XVIII turunda “Kəpəz”lə bərabərə (1:1) qaldınız. Matçın yüksək tempdə keçməsinə nə mane oldu?

- Mübarizəsi yüksək oyun oldu. Meydançanın durumu səviyyəli futbol oynamağa imkan vermirdi. O cür meydanda yalnız mübarizə aparmaq mümkündü. Başqa cür qələbə qazanmaq çətin olar. Qış fasiləsindən öncəki son matçımız olduğundan, istəmirdik ki, məğlub olaq. Amma “Kəpəz” də yaxşı oyun göstərən komandadı. Onları bu mövsümün sürpriz komandası sayıram.

 

- Qol buraxana qədər zəif çıxış etməyiniz nə ilə bağlı idi?

- Stadiona isinişə bilmədik. Sonra özümüzə gəldik. Öz oyunumuzu tapdıqdan sonra da bərabərlik qolunu vurduq. Ot örtüyü bizə çox çətinlik yaradırdı. Amma bu, futbol oynamamağımız üçün bəhanə olar. Uduzub gedək, sonra da deyək ki, stadion pis gündə idi. Belə şeyləri düşünmürük. Stadion necə olursa-olsun, meydana yalnız qələbə üçün çıxırıq. Digər tərəfdən qazonun durumu təkcə bizə yox, “Kəpəz”ə də problem yaradırdı. Bu üzdən də maraqlı, yüksək səviyyəli oyun getmədi. Nə qədər “klas” futbolçu olsan da, belə yerdə bacarığını nümayiş etdirməyin mümkün deyil.

 

- Baş hakim Ömər Paşayev hər iki komandanın oyunçusuna qırmızı vərəqə göstərdi. Hakimliklə bağlı problem yaşamadınız?

- Hakimlərin öz başçıları var, onların oyununa qiymət verən inspektor var. Bu barədə onlar danışa bilərlər. Mənim işim meydana çıxıb futbolumu oynamaqdı.

 

- Komanda yoldaşınız Erik Ramos birinci hissənin sonlarında “Kəpəz”in baş məşqçisi Şahin Diniyevlə mübahisəyə girişdi. Siz onun bu hərəkətini düzgün sayırsınız?

- Əlbəttə ki, düzgün deyil. Açığı, həmin epizodu görmədim. Şahin Diniyev Azərbaycanda sözünü demiş futbolçulardan və məşqçilərdən biri olub. İstəməzdim ki, onun kimi gözəl insana qarşı belə hərəkət olsun. Ramos düz eləməyib. Ola bilsin ki, bu, ajiotajdan əmələ gəlib. Düşünürəm ki, bunu böyütmək lazım deyil. Çünki Ramos da sonra gedib Şahin müəllimdən üzr istədi.

 

- Gəncədə həmişə futbol ab-havası olub. O cür atmosferdə oynamaq çətin deyildi?

- Əksinə, daha maraqlıdı. Böyüklük kimi çıxmasın, biz belə azarkeşlər qarşısında o qədər oynamışıq ki. Belə vəziyyətdə futbolçu daha da həvəslənir.

 

- Mövsümün ilk yarısını 6-cı pillədə başa vurdunuz. Bu, “Neftçi” üçün qəbuledilən durumdumu?

- Əslində, bu, qəbulolunmazdı. Ancaq nə etmək olar? Futbolda bəzən bu hallarla da üzləşirsən. Bəzi oyunlarda çox səhvlərə yol verdik. AZAL-la son görüşü buna misal göstərə bilərəm. Çox oyunlar olub ki, öz səhvlərimizdən xallar itirmişik. İnşallah, təlim-məşq toplanışından sonra “Neftçi” həmişəki yerinə yüksələcək.

 

- Qış fasiləsindən sonra sürət yığıb, mövsümü ilk “üçlük”də tamamlayacağınıza inanırsınız?

- “Neftçi” xalqın komandasıdı. İstər sonuncu yerdə olsun, istərsə də birinci... Amma biz Avropa Liqası uğrunda mübarizə aparmalıyıq. Başqa yolumuz yoxdu.

 

Ruslan SADIQOV

0