[b]Ramin Musayev ili dəyərləndirdi: Kimsə PFL-in əməyini vurğulamadı - MÜSAHİBƏ[/b]
29.12.2015 - 16:42
[b]Ramin Musayev ili dəyərləndirdi: Kimsə PFL-in əməyini vurğulamadı - MÜSAHİBƏ[/b]

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının geridə qalan iki dövrəsini necə dəyərləndirərdiniz?

- Çempionatın geridə qalan dönəminə 5 ballıq sistem üzərindən “4” verərdim. Niyə belə qəbul edirəm, onu da deyim. İnsanlar elə başa düşürdülər ki, klubların maddi problemləri var, çempionat zəif keçəcək və s. Mən deyərdim ki, çempionat heç də zəif keçmir. Əksinə, maraqlıdı. Çoxları deyirdi ki, “İnter”in rəhbərliklə bağlı problemi var, sponsoru getdi, komanda dağılacaq. Ancaq bütün çətinliklərə baxmayaraq, “İnter” avrokuboklarda gözəl oyun nümayiş etdirdi. Hətta onların mübarizəni davam etdirməsinə hakimlərin böyük səhvləri mane oldu. Həmçinin, bəxtləri də gətirmədi. Çempionatda isə hazırda 2-ci pillədə qərarlaşırlar. Beynəlxalq Bank rəhbərliyi sağ olsun, bu klubu öz himayəsinə götürdü. Əvvəlki aylarla müqayisədə rəhbərlik artıq daha diqqətli olacaq, klubun maddi problemi yaranmayacaq. Orda aylarla maaş almayan futbolçular, işçilər oldu. Bunun fonunda futbola olan diqqətlərini və məhəbbətlərini göstərdilər. Bu klubun hər bir əməkdaşına öz minnətdarlığımı bildirirəm. O ki qaldı digər komandalara, “Zirə” debütant olmasına baxmayaraq, hazırda 3-cü pillədə qərarlaşır, baxımlı oyun göstərir. “Kəpəz” gözəl futbol sərgiləyir. Şahin Diniyevə həm bir məşqçi, həm də bir insan kimi böyük hörmətim var.

 

- Sözlərinizdən belə başa düşdük ki, komandaların mübarizəsi və çempionatın səviyyəsi ürəyinizcədi?

- Çempionatımız maraqsız deyil, əksinə, maraqlı keçir. Bəzi insanların dediyi kimi olsaydı, hazırda çempionatda 6 komanda qalardı. Bütün bunlara baxmayaraq, hər bir komandada işlər gedir, heç birində ciddi problem görmürük. Bir sözlə, mübarizə və səviyyə qənaətbəxşdi.

 

- “Qarabağ” ilk yarıda 16 xal itirməsinə baxmayaraq, hazırda ən yaxın izləyicisindən 8 xal öndədi. Bu, digər komandaların səviyyəsinin aşağı düşməsindən xəbər vermir?

- Bu, təkcə bizdə belə deyil. Avropada da hansısa komandanın xeyli fərqlə öndə olmasını müşahidə edirik. Bu, hələ çempionatın sonu demək deyil. Bundan sonra hələ iki dövrə var. “Qarabağ”ın aktivində hazırda 38 xal var. Özünüz də gördünüz ki, bu komanda gözlənilməz xal itkiləri ilə üzləşdi. Yəni indi “Qarabağ”ın 46-48 xalı ola bilərdi. Deməli, qarşıda azı daha 48 xallıq oyunlar olacaq. Heç kim deyə bilməz ki, ilk “altılıq”da yer alan komandalardan hansısa bu qədər xal toplaya və çempion ola bilməz. Götürək elə “Neftçi”ni. Bu komanda ikinci yarıda 48 xal toplaya bilsə, mövsümü 72 xalla tamamlayacaq. Bu, ötən mövsüm çempion olan komandanın xalına bərabərdi. Deməli, hələ ümid var.

 

- Ancaq Avrokubokda mübarizəni dayandırdığı üçün “Qarabağ” bütün diqqətini çempionata yönəldəcək. Ağdam klubunun vaxtından erkən çempionluğu təmin etməsi, intriqanı “öldürməz”?

- Əgər “Qarabağ” vaxtından əvvəl çempion ola bilirsə, olsun, onun haqqıdı. Ancaq məncə, bu barədə proqnoz vermək üçün hələ tezdi.

 

- Üzdə olan futbolçular “Qarabağ”da toplaşır. Bu amil çempionatımızın səviyyəsinə necə təsir edər? Məsələn, son olaraq Rahid Əmirquliyev bu komandaya keçdi...

- Şəxsən mən bunun hansısa mənfi təsirini gözləmirəm. Rahid Əmirquliyevə böyük hörmətim var. Amma düşünmürəm ki, Rahidin “Qarabağ”a keçməsi ilə çempionatın səviyyəsi aşağı düşəcək. “Kəpəz”də, “Sumqayıt”da elə oyunçular var ki, heç Rahiddən geri qalmırlar. Tək Rahidin keçidi ilə nə çempionat zəifləyəcək, nə də “Qarabağ” 10 tur öncədən çempion olacaq.

 

- 2015-ci il Azərbaycan futbolu üçün necə keçdi?

- 2015-ci ildə Azərbaycan futbolunda yaddaqalan xoş hadisələr daha çox oldu. Keçmiş SSRİ məkanında bir ölkənin iki komandasının qrupda oynaması tez-tez rast gələn hal deyil. Səhv etmirəmsə, Azərbaycan bunu bacaran 3-cü ölkədi. “Qarabağ” və “Qəbələ” qrup mərhələsində mübarizə apardılar. Bundan sevindirici hal ola bilərmi? “Qarabağ”ın hətta son matçının axırıncı dəqiqəsinə qədər mübarizəni davam etdirmək ehtimalı var idi. “Qəbələ”nin isə ilk ili idi. Oyunçuların praktikasını, peşəkarlığını nəzərə almaq lazımdı. Bir sözlə, 2015-ci il Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazıldı.

 

- 2016-cı ildən gözləntiləriniz nələrdi?

- Təbii ki, istəyərəm bu ilkindən də uğurlu olsun. Amma öncədən proqnoz verməyi bacarmıram.

 

- Klublarda maliyyə durumu ürəkaçan deyil. Futbolumuz sanki 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərinə doğru gedir. Bu amil sizi narahat etmir?

- Dünyanın hansı ölkəsinin futbolunda maddi durumla bağlı eniş yoxdu? Hazırda bütün dünyada bu hal yaşanır. Qonşu ölkələrə baxaq. Türkiyədə guya pul aşıb-daşır? Bütün ölkələrdə belədi. İnandırım sizi, hələ ən yaxşısı elə bizim çempionatdı. Əgər bu böhran bizim futbola təsir etsəydi, iki komandamız Avroliqanın qrupunda iştirak etməzdi. Çempionatımızın səviyyəsi qorunub-saxlanılırsa, komandalarımız qrupa qədər irəliləyirlərsə, deməli, heç nədən çəkinməməliyik. Bəzi klublarda bəxtsizliyin olması, əcnəbi futbolçuların “məni buraxın, gedim” deyib, sonra komandadan şikayət etmələri klubda bu işlə məşğul olan insanların qeyri-peşəkarlıqlarından qaynaqlanır. Məsələn, “Xəzər Lənkəran” bundan çox əziyyət çəkdi. Bu komanda əgər yayda anlaşdığı oyunçuları qeydiyyata götürə bilsəydi, çempionluğa da oynaya bilərdi. Amma UEFA tərəfindən verilən sanksiyalar “Xəzər Lənkəran”ın belini qırdı. Bu komandada böhran olsaydı, o qədər futbolçunu yığmazdılar. Sadəcə, kiçik səhvlərdən böyük problem yarandı. Böhran oldu “İnter”də. Ancaq bu komanda hazırda 2-ci yerdə gedir. Niyə yalandan danışaq? Hər şeyi düz danışmaq lazımdı. Böhran yaşayan komanda ikinci yerdə gedir, yaşamayan axırdan ikinci. Həmin oyunçular ayrılanda onlardan bir kağız alınacaqdı ki, mənim klubla maddi problemim yoxdu. Bir balaca kağıza görə, “Xəzər Lənkəran” indi azarkeşlərin narazılığı ilə qarşılaşır, klub rəhbərliyi, futbol ictimaiyyəti narahatlıq keçirdi. “Xəzər Lənkəran” Azərbaycan çempionatına qatılandan böyük azarkeş kütləsi qazanıb. Bizim üçün hər bir komanda eynidi, əzizdi. Birinci divizionda oynayan “Bakı” da, “Turan” da. Baş məşqçi deyirsə ki, mən kimi buraxım meydana... Kimin günahıdı? Bu, nə klub prezidentinin, nə də sponsorun işi deyil. Klubda həmin işlə məşğul olan şəxslər bu məsələyə ciddi yanaşmalıdılar. Futbolçu gedirsə, ondan bir kağız al. Bu bir daha onu göstərir ki, Azərbaycan çörəyinin duzu yoxdu. Çantalarla pullar aparanda klublarımız, onların sponsoru yaxşı idi, indi pis oldular? Futbolçunun sözünə inanmazlar. Vaxtilə “İnter”dən çanta yox, kisələrlə pul aparan məşqçi və futbolçular bu gün bu klubdan şikayət edirlər. Bu ya səhlənkarlıqdan, ya da qeyri-peşəkarlıqdan qaynaqlanır. O kağızlar alınsaydı, nə “Xəzər Lənkəran”, nə “İnter”, nə də “Neftçi”də problem yaranardı.

 

- Gələn mövsüm komandaların sayını artırmaq hazırkı vəziyyətdə nə dərəcədə realdı?

- Bu baxır dünyada gedən proseslərin axarına. Bu yaxınlarda ölkə xaricində idim. Azərbaycana qayıdanda, adam çox olmasaydı, hava limanında əyilib torpağımdan öpərdim. Həqiqətən də, ən gözəl yer elə özümüzünküdü. Dünyada böhran ola-ola biz bunu eşidirik, amma görmürük. Mən də adi vətəndaşam, eyni hüquqa malikəm və alınan həmin maaşla dolanıram. Respublikadan kənarda olsanız, başqa ölkələrdə dolanışığın necə olduğunu görərsiniz. O ki qaldı klubların sayının artmasına, bu, ola da bilər, olmaya da. Komandaların sayı hətta azala da bilər. Hər şeyi zamana buraxmaq lazımdı. Həmin vaxta hələ 6-7 ay var. Bu müddətdə çox şey dəyişə bilər. Yeni sponsorlar üzə çıxa, hazırkı sponsorların imkanı daha yaxşı ola bilər.

 

- Klublar Komitəsi yarananda söz-söhbət çıxdı ki, PFL-ə alternativ gəlir. Geridə qalan bir il ərzində bu komitə ilə aranızda hansısa problem yaşandımı?

- Xeyr, heç bir problem olmayıb. Mən klubda çalışanda da, PFL-də işləyəndə də Tuyqun Nadirov “Xəzər Lənkəran”da fəaliyyət göstərir. Bizim aramızda heç vaxt hörmətsizlik olmayıb, ola da bilməz. Hamımızın bir istəyi var: futbolu inkişaf etdirmək. O vaxt aramızda narazılıq yaranar ki, onlar klubun inkişafına mane olar, mən əksinə çalışaram. Bu da inandırıcı deyil. Çünki onlar klublardı, istəməzlər ki, inkişaf etməsinlər. Mən inkişafı istəməsəm, onlar əksini düşünsələr, aramızda narazılıq olar. Belə bir şey də mümkün deyil. Klubların inkişafı eyni zamanda PFL-in də zəhmətinin bəhrəsi deməkdi. Mətbuatın 80-90 faizi iki klubumuzun Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasında PFL-in əməyini vurğulamadı. Bu, heç yerdə hallanmadı. Ancaq mən deyirəm ki, bunda Peşəkar Futbol Liqasının layiqincə əziyyəti var. Hər iki klub rəhbərliyinə minnətdaram ki, onlar özləri bunu qiymətləndirdilər. Biz Klublar Birliyi ilə də, AFFA ilə də eyni əqidənin sahibiyik. AFFA böyük, PFL ortancıl, Klublar Birliyi də kiçik qardaşdı (gülür).

 

Ruslan SADIQOV

0