[b]“Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı” - MÜSAHİBƏ[/b]
03.02.2016 - 15:33
[b]“Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı” - MÜSAHİBƏ[/b]

Serbiyada keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsində mübarizə aparan Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Appenin təmsilçisinin tarixinə oyun (101) və qol (66) sayında 2-ci yerin sahibi kimi düşən Adriano Folya matçla bağlı müsahibə verib. 2014-cü ildə Naxçıvanın “Araz” klubunda çıxış edən 35 yaşlı veteran yaxşı bələd olduğu Azərbaycan yığması və futzalını dəyərləndirib. 2003-cü ildə Avropa çempionu olan milliləşən braziliyalı 8 il şərəfini qoruduğu “Skuadra Adzurra”nı matçın favoriti hesab edir.

 

- Azərbaycanda çıxış etmiş oyunçu kimi, bu ölkənin futzalını necə dəyərləndirirsiz?

- Azərbaycanda “Araz” kimi iddialı klub olsa da, ümumi futzalın səviyyəsi aşağıdı. Həmin klub isə UEFA kubokunun “Dördlər finalı”nda oynamağa iddialı komandadı. Çempionatın səviyyəsi isə çox aşağıdı. Mən bunu qaldırmağın yolunu da görmürəm. Baxmayaraq ki, liqada kifayət qədər legionerlər çıxış edir. Məncə, orada inkişaf yeni başlayır. Ümid edirəm ki, Azərbaycan futzalı sürətlə inkişaf edəcək. Lakin belə olsa da, İspaniya, İtaliya, Rusiya və Portuqaliya kimi nəhənglərə çatmaq üçün xeyli vaxt lazımdı.

 

- İtaliya və Azərbaycan fuztalı arasında hansı fərqlər var?

- Fərqlər çoxdu. Hətta deyərdim ki, müqayisə olunmaz səviyyədədi. İtaliyada bu idman növünün strukturu var, təşkilatçılıq yüksək səviyyədədi. 6-7 klub çempionluq kubokunu qazanmaq üçün mübarizə aparır. Azərbaycanda isə yalnız “Araz” çempion ola bilir. Çünki ən yaxşı azərbaycanlı futbolçular və çox sayda legionerlər bu klubda cəmləşib.

 

- Azərbaycan millisi az qala bütünlüklə “Araz”dan ibarətdi. Bu amil rəqibimizə üstünlük verə bilərmi?

- Onlar həmişə bir yerdə çıxış edirlər. Onların digər komandalarla müqayisədə daha yaxşı anlaşması da normaldı. Lakin bu komandanın ilboyu zəif komandalarla qarşılaşması həmin üstünlüyün əhəmiyyətini azaldır. Azərbaycan yığmasının oyunçularını yaxşı tanıyıram. Onların əla komandası var. Tino Peresin baş məşqçi gəlməsindən sonra isə onun yeni “kəşf”ləri də olacaq.

 

- Azərbaycanın ən güclü və ən təhlükəli futzalçıları kimdi?

- Şübhəsiz ki, onların ən yaxşı oyunçuları Braziliya əsilli olanlardı. Fineonu yaxşı tanıyıram. Onunla yanaşı Amadeunu da qeyd etməliyəm. İtaliya yığması bu iki oyunçuya xüsusi diqqət yetirməlidi.

 

- Azərbaycan millisinin taktikası haqda nə bilirsiz?

- Mənim də “Araz”da baş məşqçim olan Joze Alesionu əvəzləyən Tino Peres komandanı dəyişib. Bu yığmanın əvvəlkindən daha çox müdafiədə oynayacağını gözləyirəm. İtaliya ilə matçda onların arxa xətdə qapanması istisna deyil. Amma heyətində böyük ulduzlar olan İtaliya millisi matçın favoritidi.

 

- 2 il öncə İtaliya yığması 7:0 hesablı qələbə qazandı. Bu nəticə komandalar arasında səviyyə fərqini əks etdirirmi?

- Həmin matçda Azərbaycan millisi demək olar ki, oyun boyu risk edərək, qapıçını dəyişdi. Oyunun əvvəlində buraxılan qolların əvəzini çıxmaq üçün atılan bu addım özünü doğrultmadı. Düşünürəm ki, bu dəfə tam fərqli matç olacaq. Hər iki komanda inkişaf edib, təcrübəsini artırıb. Böyük hesab görməsək də, İtaliya istənilən halda qalib gələcək.

 

 

0