[b]“Zirə”də 5 rəsmi ayrılıq, 3 yeni müqavilə[/b]
23.05.2016 - 13:19
[b]“Zirə”də 5 rəsmi ayrılıq, 3 yeni müqavilə[/b]

Topaz Premyer Liqasının gümüş mükafatçısı “Zirə” mövsüm başa çatan kimi heyətində “təmizləmə” işlərinə başlayıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubu kapitan Rəşad Abdullayevdən sonra daha 5 oyunçu ilə yollarını ayırıb.

 

Komandadan gedəcəyi öncədən bilinən Ruslan Poladovla yanaşı, daha bir yerli futbolçu Tərzin Cahangirov da yola salınıb. Müqavilə ilə “Qəbələ”yə məxsus olan 24 yaşlı yarımmüdafiəçi geri qayıdıb.

 

Bununla yanaşı, “Zirə” 3 əcnəbini də rəsmən yola salıb. Komandadan ayrılacağı öncədən bilinən Çimezi Mbah və Dieqo Souzaya ispaniyalı yarımmüdafiəçi Luis Alberto Diez də qoşulub. Məşqçilər korpusu müqavilə müddəti başa çatan hər 3 oyunçu ilə yeni sazişə ehtiyac duymayıb.

 

“Zirə” bununla yanaşı, 3 oyunçusunu komandada saxlamağa müvəffəq olub. Belə ki, qapıçı Kamal Bayramov, müdafiəçi Aleksandr Şemonayev və hücumçu Nurlan Novruzovla yeni birillik müqavilə imzalayıb. Sonuncu “Bakı”ya məxsus olduğundan, Premyer Liqanın gümüş mükafatçısı onu daha 1 il müddətinə icarəyə götürüb.

0