Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması istiqamətindəki qalib olan mövzusunu davam etdirir. Sırf ölkədaxili yarışları əhatə edən 12 yazıdan ibarət layihənin yeddinci hissəsi hakimlərə və onların ən sərt qərarlarından hesab edilən penaltilərə həsr olunub. Azərbaycan çempionatlarının yüksək liqasında indiyədək neçə referinin baş hakim funksiyasını yerinə yetirdiyinin, onlar arasında ən çox oyun idarə edənlərin, daha çox mövsümdə iş başında olanların və penalti sayı ilə bağlı maraqlı məqamlara bu yazıda cavab tapmaq mümkün olacaq.
Ortaq məxrəc axtarışında
Matçlar və onların nəticələri, futbolçuların oyun və qol göstəriciləri ilə müqayisədə hakimlər haqda danışmaq daha çətindi. Çünki referilərin statistikası ilə bağlı vahid göstəriciləri əldə etmək mümkünsüzdü. Bu rəqəmlərə müxtəlif mənbələrdə rast gəlmək olar. Amma hamısı da bir-birindən fərqli. Bu da hakim statistikalarına yanaşmadakı müxtəlifliyin təzahürüdü.
Bəzi mənbələr hakimin oyun sayında təyinatı əsas götürür. Matçın keçirilib-keçirilməməsi, sona çatdırılıb-çatdırılmaması və ya nəticənin sonradan ləğv olunub-olunmamasına önəm vermir. Digər mənbələr isə yalnız tarixdə nəticəsi qalan qarşılaşmaları əsas götürür. Birincilər yarımçıq qalıb, yenidən oynanılan görüşü hər iki hakimin hesabına yazırsa, ikincilər hər hansı komandanın nəticələrinin ləğvi üzündən hakimin də statistikasını nəzərə almır. Belə mürəkkəb şərtlərdə ortaq məxrəc tapmaq heç də asan deyil. Çempionatların daha yüksək səviyyədə olduğu, daha yaxşı işıqlandırıldığı son 12 il üçün göstəricilər daha aydındı. Amma bütün 24 il haqda ümumi rəqəmləri ortaya çıxarmaq heç də asan deyil. Amma fərqli mənbələrin göstəricilərini müqayisə edərək müəyyən nəticələri əldə etmək mümkündü.
Hardasan 1992-ci il və ya hakim defisiti
Mövsümlər üzrə hakim sayına nəzər salsaq, yerlə göy arasındakı fərqi görərik. Bu göstəricidə maksimumun 37, minimumun 9 olması diqqət çəkir. Əslində, yalnız ilk çempionatda təsadüf olunan maksimal rəqəm başadüşüləndi. 400-dən çox oyun keçirilməsi və 26 komandanın mübarizə aparması kimi rekordlar ədalət təmsilçilərinin də sayında əksini tapıb. Bu üzdən də 1992-ci ildə 37 referi baş hakim kimi meydana çıxıb. Bunun daha bir səbəbi dağılmış SSRİ-nin son çempionatında müxtəlif liqalarda fit çalan bütün həmyerlilərimizin yüksək liqaya axını idi. Növbəti iki çempionatda da bu rəqəm çox yüksək olub, 26 ilə ölçüldü. Sovet hakimlik məktəbinin yetirmələri yaş limitini adladıqca, referilərin də sayı azaldı. 1999/2000 mövsümündə bu rəqəm antirekord həddə - 9-a çatdı.
Bu hakim defisiti futbolsuzluq dövrünədək davam etdi və 2003-cü ildə yeni hakim nəslinin gəlişi ilə referi bolluğu müşahidə olundu. Lakin bu da uzun sürmədi və ədalət təmsilçilərinin tez-tez, hətta bir neçəsinin ömürlük cəzalanması, bəzilərinin karyerasını bitirməsi yenidən hakim qıtlığına gətirib çıxardı. 2006/07 mövsümü isə antirekordun təkrarı, cəmi 9 hakimin güclülər dəstəsində söz sahibi olması ilə nəticələndi. Ardınca artan bu rəqəm elita səviyyəsində olmayanların ələnib, yenidən aşağı düşməsinə gətirib çıxardı.
Mövsümlər üzrə hakim sayı
1992 - 37
1993 - 26
1993/94 - 26
1994/95 - 20
1995/96 - 17
1996/97 - 13
1997/98 - 11
1998/99 - 15
1999/2000 - 9
2000/01 - 10
2001/02 - 10
2003/04 - 17
2004/05 - 18
2005/06 - 17
2006/07 - 9
2007/08 - 21
2008/09 - 21
2009/10 - 20
2010/11 - 19
2011/12 - 15
2012/13 - 13
2013/14 - 12
2014/15 - 12
2015/16 - 11
Komitə sədrinin liderliyi
Premyer Liqa, əvvəlki güclülər dəstəsi tarixinin baş hakimlik sayında mütləq rekord Xaqani Məmmədova məxsusdu. Bütün mənbələrdə 1-ci pillədə olan Hakimlər Komitəsinin hazırkı sədrinin də göstəricisi fərqli görünür. Ortaq məxrəc əldə etdiyimiz statistikada onun hesabında 293 matç var. 300-ün astanasında olan Məmmədov cəza üzündən karyerasını bitirməsəydi, bu “yüzlüy”ü də tamamlayacaqdı. Onun ən yaxın izləyicisi Fariz Yusifov və Rövşən Əhmədovdu. Sonuncunun da sahib olduğu rekord var. O, 16 mövsümdə - hamıdan çox iş başında olub. Məmmədovla Yusifovda bu rəqəm 14-dü. Bu üç hakimdən başqa Vüsal Əliyevlə Asim Xudiyev də 200-ü arxada qoyub. 100-dən çox oyun idarə edənlər isə 16 nəfərdi. Ümumilikdə isə 24 il ərzində 95 baş hakim yüksək liqa qarşılaşmalarında ədaləti qoruyub.
100 və daha çox oyun idarə edənlər
1. Xaqani Məmmədov - 293
2. Fariz Yusifov - 269
3. Rövşən Əhmədov - 253
4. Vüsal Əliyev - 221
5. Asim Xudiyev - 212
6. Məhəmməd Məmmədov - 189
7. İmanxan Sultani - 183
8. Anar Salmanov - 136
9. Azad Mütəllimov - 129
10. Rəhim Həsənov - 125
11. Fazil Mürşüdov - 124
12. Əliyar Ağayev - 121
13. Elçin Məmmədov - 114
14. Tahir Süleymanov - 109
15. Gülağa Cabbarov - 107
16. Babək Quliyev - 103
Futbolçular yeni ampluada
Uzun illər Azərbaycan hakimləri sabiq futbolçular olub. Karyerası alınmayan, zədə üzündən tez bitirənlər hakimliyə tez başlayıbsa, futbolçu kimi uzun illər çıxış edib, əlinə fit alanlar da olub. Yalnız istisnalar olub ki, əslində həmin referilər də müəyyən səviyyələrdə, ən azı uşaq-yeniyetmə futbolunda top qovanlar olub. Amma son illərdə hakimlik məktəbinin formalaşması futbolçu olmayanların da bu peşəyə yiyələnməsi ilə nəticələnib. Lakin yenə də hakimlərin böyük əksəriyyəti sabiq oyunçulardı.
Yadellilər
2005-ci il iyunun 10-u futbol tariximizə düşüb. Həmin gün ilk dəfə iki Azərbaycan klubunun qarşılaşmasını xarici hakim idarə edib. Bu, ölkə çempionatının “Neftçi” və “Xəzər Lənkəran” arasında “Qızıl oyun”unda (2:1) gerçəkləşib. Həmin matçı isveçrəli Karlo Bertolini idarə edib. 2007/08 mövsümündə daha 4 əcnəbi çempionat matçına təyinat alıb. Almaniyalılar Mark Simonn “Neftçi” – “İnter” (2:0), Knut Kirxer “Olimpik” – “Neftçi” (0:0), Peter Sippel “İnter” – “Olimpik” (2:0) görüşünü idarə edib. Avstriyalı Ştefan Messner “Neftçi” – “Xəzər Lənkəran” (0:1) qarşılaşmasının baş hakimi olub. Ümumiyyətlə 2007/08 mövsümü yadellilərə güvənilməsi ilə diqqət çəkib. Kubokun iki görüşündə də almanlar iş başında olub. Babak Rafati “İnter”lə “Neftçi” arasında yarımfinalın cavab oyununu (1:0), Manuel Qrafe isə “Xəzər Lənkəran”la “İnter”in final matçını (2:0) idarə edib.
Problem nədədi?
Hakimlərin qərarları – sarı və qırmızı vərəqələr, həmçinin penaltilərdən bəhs etmək daha çətin, bəzi məqamlarda isə mümkünsüzdü. Buna səbəb protokolların natamamlığı, bəzən hakimlərin qeyri-peşəkarlığıdı. Üstəlik, onlarla, hətta daha çox vərəqənin sonradan İntizam Komitəsi tərəfindən ləğv olunması, bu qərarların matçın protokoluna əlavə edilməyib, digər sənədlərdə əksini tapması da statistiklərin işini çətinləşdirir. Bu üzdən vərəqələrlə bağlı araşdırmaları təxirə salıb, penaltilərə nəzər salaq. Bunun üçün də ölkə çempionatlarının 1992-2016-cı illəri əhatə edən 24 illik deyil, 2004-2016-cı illərdəki dövrü ilə kifayətlənmək məcburiyyətindəyik. Bunu doğuran bir sıra səbəblər var. 2004-cü ilədək olan dövrdə protokollar idealdan çox uzaq olub. Bəzi mövsümlərdə vurulmayan penaltilər də qeyd olunmayıb. Bir hadisəni də xatırlatmaq yerinə düşər. 10-12 il öncə bölgədəki oyunların birinə ezam olunduğum vaxt meydan sahibləri penaltini qaçırdı. İndikindən fərqli protokolu dərc edəcək rəsmi sayt olmadığından, matçda yeganə KİV nümayəndəsi olduğumdan bu sənədi özüm əldə etməli idim. Bütün qeydləri dəftərçəmə qeyd etsəm də, hakimlər otağına gedib, dəqiqləşdirmələr apardım. Amma sənəddə vurulmayan penalti qeyd olunmamışdı. Nə FİFA referimiz olan baş hakim, nə də onun briqadasında yer alanlar iradımla razılaşmadı. Onlar elə vurulmayan penaltinin yazılmadığını iddia etdilər. Qəzetə verdiyim protokolda əksini tapan qeyri-dəqiq penaltinin, AFFA və PFL-dəki əslinin necə olduğunu isə təsəvvür etmək çətin deyil. Həmin hakimin onlarla reallaşmayan penalti ilə üzləşdiyini, onun kimi düşünən referilərin də az olmadığını nəzərə alsaq, bir çox belə zərbələr tarixdən “itirilib”. Amma 2004-cü ildən sonra KİV-in nəzarəti artdıqdan sonra bu çatışmazlıq aradan qaldırılıb. Ən azı böyük ölçüdə. Şahidi olduğum həmin matç və mümkün qədər düzəlişlər etdiyimiz protokollara əsaslanıb son 12 ilin 11 metrlik zərbələri haqda danışa bilərik.
75 faiz
Son 12 mövsümdə keçirilən oyunlarda qapılara 515 penalti təyin olunub. Bunlardan 388-i dəqiq olub ki, 11 metrlik nöqtədən vurulan zərbələrdən istifadə faizi təxminən 75-ə bərabərdi. Mövsümlər üzrə baxsaq, 2012/13-də daha çox – 58, 2010/11-də isə ən az – 29 penalti təyin edilib. 2009/10 mövsümündə 34 zərbədən 30-nu dəqiq yerinə yetirən futbolçular təxminən 88 faizlik dəqiqlik nümayiş etdirib. 19 imkanın qaçırıldığı 2011/12 mövsümündə isə bu rəqəm 62-yə bərabər olub.
Son 12 mövsümün penaltiləri
mövsüm |
penalti |
dəqiq |
dəqiqlik faizi |
2004/05 |
49 |
37 |
75,51% |
2005/06 |
43 |
35 |
81,40% |
2006/07 |
31 |
24 |
77,42% |
2007/08 |
44 |
31 |
70,45% |
2008/09 |
38 |
31 |
81,58% |
2009/10 |
34 |
30 |
88,24% |
2010/11 |
29 |
24 |
82,76% |
2011/12 |
50 |
31 |
62,00% |
2012/13 |
58 |
40 |
68,97% |
2013/14 |
47 |
35 |
74,47% |
2014/15 |
43 |
32 |
74,42% |
2015/16 |
49 |
38 |
77,55% |
Cəmi |
515 |
388 |
75,34% |
“Neftçi”də kəmiyyət, “Qarabağ”da keyfiyyət
12 mövsümdə “Neftçi” hamıdan çox – 64 belə şans qazansa da, yalnız 75 faizində, yəni 48-də dəqiq olub. “Xəzər Lənkəran” 50, “Bakı” 47 penalti şansı əldə edib. 4-cü olan “Qarabağ” dəqiqlik baxımından digərlərini üstələyir – 83 faizə yaxın. Təbii ki, söhbət az penalti vuranlardan getmir. Yoxsa ki, cəmi 14 şans qazanan “Kəpəz”də istifadə faizi 93-ə yaxındı. 100 faizlik nəticəyə malik MOİK və “Bakılı” isə buna 6 zərbədə nail olub. Ümumilikdə isə 26 klub belə şansa yiyələnib.
Son 12 mövsümün penaltiləri klublar üzrə
N |
klub |
penalti |
dəqiq |
dəqiqlik faizi |
1. |
Neftçi |
64 |
48 |
75,00% |
2. |
Xəzər Lənkəran |
50 |
40 |
80,00% |
3. |
Bakı |
47 |
28 |
59,57% |
4. |
Qarabağ |
46 |
38 |
82,61% |
5. |
Qəbələ |
45 |
34 |
75,56% |
6. |
İnter |
36 |
28 |
77,78% |
7-8. |
AZAL |
30 |
23 |
76,67% |
|
Simurq |
30 |
24 |
80,00% |
9. |
Turan |
28 |
22 |
78,57% |
10. |
Sumqayıt |
21 |
13 |
61,90% |
11. |
Rəvan |
18 |
14 |
77,78% |
12. |
Karvan |
15 |
10 |
66,67% |
13. |
Kəpəz |
14 |
13 |
92,86% |
14. |
Gənclərbirliyi |
13 |
9 |
69,23% |
15. |
MKT-Araz |
11 |
8 |
72,73% |
16. |
Standard |
9 |
5 |
55,56% |
17-19. |
Bakılı |
6 |
6 |
100,00% |
|
MOİK |
6 |
6 |
100,00% |
|
Muğan |
6 |
5 |
83,33% |
20. |
Göyəzən |
5 |
3 |
60,00% |
21. |
Şahdağ |
4 |
4 |
100,00% |
22-24. |
Masallı |
3 |
0 |
0,00% |
|
Şəmkir |
3 |
2 |
66,67% |
|
Zirə |
3 |
3 |
100,00% |
25-26. |
Karat |
1 |
1 |
100,00% |
|
Şəfa |
1 |
1 |
100,00% |
|
Cəmi |
515 |
388 |
75,34% |
Fərqli qərblilər
Penalti ilə cəzalanan klubların sayı daha çox – 27-di. Ən çox cəzalanan komandalar isə “İnter”lə “Turan”dı. Hər iki komanda rəqib 11 metrliklərinin qolla nəticələnməməsi ilə öyünə bilər. Qərblilərin rəqibləri rekord sayda – 14, bakılılarınkılar isə 13-nü qaçırıb. Tovuz klubunun penaltidən qol buraxma faizi 66 faizə yaxın, 2/3-dən azdı. Qapısına çox penalti təyin olunanlardan “Kəpəz”i məyus etmək daha asandı. Qapısındakı penaltilərdə 100 faiz dəqiqlik olanlardan ən çox belə qolu “Göyəzən” buraxıb – 12.
Son 12 mövsümün penaltiləri cəzalanan klublar üzrə
N |
klub |
penalti |
dəqiq |
dəqiqlik faizi |
1-2. |
İnter |
41 |
28 |
68,29% |
|
Turan |
41 |
27 |
65,85% |
3. |
Xəzər Lənkəran |
38 |
30 |
78,95% |
4. |
Bakı |
37 |
29 |
78,38% |
5. |
Neftçi |
32 |
23 |
71,88% |
6-7. |
Kəpəz |
31 |
26 |
83,87% |
|
Qəbələ |
31 |
25 |
80,65% |
8. |
Simurq |
29 |
20 |
68,97% |
9. |
AZAL |
28 |
23 |
82,14% |
10. |
Qarabağ |
27 |
20 |
74,07% |
11. |
Sumqayıt |
26 |
20 |
76,92% |
12. |
Rəvan |
23 |
16 |
69,57% |
13. |
MOİK |
19 |
14 |
73,68% |
14. |
GB |
17 |
12 |
70,59% |
15. |
Karvan |
16 |
10 |
62,50% |
16. |
Şahdağ |
13 |
12 |
92,31% |
17. |
Göyəzən |
12 |
12 |
100,00% |
18-19. |
Muğan |
10 |
8 |
80,00% |
|
Standard |
10 |
8 |
80,00% |
20. |
MKT-Araz |
7 |
4 |
57,14% |
21. |
Şəfa |
6 |
6 |
100,00% |
22-23. |
Bakılı |
5 |
3 |
60,00% |
|
Ədliyyə |
5 |
3 |
60,00% |
24. |
ABN |
4 |
4 |
100,00% |
25. |
Masallı |
3 |
2 |
66,67% |
26-27. |
Karat |
2 |
1 |
50,00% |
|
Zirə |
2 |
2 |
100,00% |
|
|
515 |
388 |
75,34% |
Penalti ustaları
Son 12 ildə ən çox penalti zərbəsi vuran “Qarabağ”ın braziliyalısı Riçard Almeydadı. O, 15 şans qazanıbsa, ən yaxın izləyicisi Zaur Ramazanovun 11 belə zərbəsi olub. Onların hər ikisi 2 xətaya yol verib. Hərəsinin hesabında 10 penalti olanlardan Rəşad Sadıqov 1, Ruslan Qurbanov 2 imkanı qaçırıb. 100 faizlik nəticəyə malik oyunçular arasında rekord Əfran İsmayılova məxsusdu – 9 qol. Rəşad Abdullayev 8, Cavid Hüseynovla Asen Nikolov hərəyə 7 qolu dəqiq penaltilərlə vurub. Ən çox xətaya yol verənlər isə 3 penalti qaçırıblar. Nurlan Novruzov 8, Bahodir Nasimov 5, Nadir Nəbiyev 4 penaltidən 3-nü boşa verib.
Qapıçıların da öz rekordçuları var. Georgi Lomaya qapısına təyin olunan 18 penaltidə yalnız 10 qol görüb, 8 zərbədə isə sevinən olub. Andrey Popoviç isə 13 zərbədən 8-də rəqiblərinin üzülməsini müşahidə edib və yalnız 5 qol buraxıb. Ən çox cəzalanan tərəfdə olanlardan Anar Nəzirovla Kamran Ağayevin hərəyə 6 belə sevinci var. Sonuncu 20, Anar isə 22 zərbədən 6-nın qolla nəticələnməməsini izləyib. Saşa Stamenkoviçlə Vitali Kovalyovun hərəyə 5 uğuru var. Onlar hər ikisi qapısına təyin olunan 13 penaltidən 8 qol buraxıb.
Vüqar XEYRULLAYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir