[b]AÇ-2016: Erkən final və ya qrup üçüncüləri möcüzə axtarışında[/b]
24.06.2016 - 12:45
[b]AÇ-2016: Erkən final və ya qrup üçüncüləri möcüzə axtarışında[/b]

Sabah Avropa çempionatında həlledici mərhələyə start veriləcək. Apasport.az saytının məlumatına görə, 1/8 finalın qarşılaşmaları 3 gün ərzində keçiriləcək.

 

İlk iki gündə 3, son gündə isə 2 görüş baş tutacaq.

 

Əvvəlcə meydana İsveçrə ilə Polşa yığmaları çıxacaqlar. Müvafiq olaraq A və C qruplarını ikinci pillədə başa vuran komandalar yollarına davam etmək üçün “döyüşəcəklər”. Qrup mərhələsində məhsuldar görüşlər keçirməyən tərəflərin yenə ehtiyatlı oyuna üstünlük verəcəyini proqnozlaşdırmaq olar. Qapısından hələ qol buraxmayan Polşa bu ənənəni davam etdirməyə çalışacaq. Ancaq Adam Navalkanı bir itki narahat edir. Belə ki, gələcəyin ulduzları arasında göstərilən gənc yarımmüdafiəçi Bartoş Kapustka cəza üzündən İsveçrə önünə çıxa bilməyəcək.

 

B qrupunda İngiltərəni qabaqlayaraq lider kimi mərhələ adlayan Uelsin növbəti rəqibi də Böyük Britaniya təmsilçisi olacaq. Şimali İrlandiyanın bu cütlükdə şansı olduqca az göstərilir. Çünki Qaret Beylin liderlik etdiyi “əjdahalar” hazırda əla formadadı və finala qədər irəliləmək niyyətindədilər. Bir sözlə, Uelsin güclü hücum xəttinin qarşısını almaq “yaşıl-ağ döyüşçülər” üçün çox çətin olacaq.

 

Sabah ən çox maraq doğruan görüş Lansda keçiriləcək. “Ölüm qrupu” sayılan D qrupunu lider kimi başa vuraraq iddiasını ortaya qoyan Xorvatiya hələ ki, azarkeşlərinin üzünü güldürə bilməyən Portuqaliyanı sınağa çəkəcək. Ən zəif qrup hesab edilən F qrupunu qələbəsiz başa vuraraq, 3 heç-heçə sayəsində mərhələ adlayan portuqallar, nəhayət ki, öz oyunlarını göstərməyə çalışacaqlar. 1/8 finalçılar arasında qələbə qazanmayan yeganə kollektiv olan Kriştianu Ronaldonun yoldaşları Xorvatiya səddini aşmaq üçün daha güclü çıxış etmək məcburiyyətindədilər.

 

İyunun 26-da ilk görüş meydan sahibi Fransa ilə İrlandiya arasında oynanılacaq. Turnirin əsas favoritləri arasında göstərilən “üçrənglilər” bu cütlüyün aşkar favoritidilər. İtaliya yığmasının “hədiyyəsi” hesabına 1/8 finala adlayan “yaşıl oğlanlar”ın burdan o tərəfə getmələri sadəcə, möcüzə olar.

 

Eyni sözləri Almaniya – Slovakiya cütlüyünə də şamil etmək olar. Çempionluğa iddia edən almanlar üçün Slovakiya göydəndüşmə rəqibdi. Qapısında hələ top görməyən Bundestim çətin ki, rəqibinə möcüzə imkanı versin.

 

Avropa çempionatının sürpriz komandası olan Macarıstan hələ də öz oyununu sərgiləyə bilməyən Belçika ilə qarşılaşacaq. Həm macarların, həm də Belçikanın sürətli futbol oynadığını və yüksək məhsuldarlığını nəzərə alsaq, azarkeşləri maraqlı 90 dəqiqənin (bəlkə də 120 dəqiqə) gözlədiyini söyləmək olar. Bernd Ştorkun yetirmələri qrupda möhtəşəm oyunlar nümayiş etdirməklə Belçikaya da qalib gəlmək iqtidarında olduqlarını göstəriblər.

 

1/8 finalın ən böyük maraq doğuran cütlüyü, şübhəsiz ki, İtaliya – İspaniya matçı olacaq. Bunu bir növ erkən final da adlandırmaq olar. Çempionat başladıqda favoritlər arasında göstərilməyən “Skuadra Adzurra” qrupdakı çıxışı ilə çempionluğa əsas iddiaçılar arasına düşüb. “Buğalar” isə D qrupunda 2-ci yeri tutaraq özünü çətin vəziyyətə salıb. Bu oyunla bağlı hər hansı bir proqnoz vermək qeyri-mümkündü. Bir-birinə zidd komandaların dueli səbirsizliklə gözlənilir.

 

1/8 final mərhələsinə İngiltərə - İslandiya matçı ilə yekun vurulacaq. Güclü heyəti olmasına baxmayaraq, istənilən səviyyədə çıxış etməyən ingilislər, şübhəsiz ki, aşkar favoritdilər. Amma İslandiya onu ciddi qəbul etməməyin ağır cəzasının olduğunu artıq göstərib.

 

 

Avropa çempionatı

1/8 final mərhələsi

 

25 iyun

17:00. İsveçrə - Polşa

Sent-Etyenn. “Joffrua Gişar” stadionu

 

20:00. Uels – Şimali İrlandiya

Paris. “Park de Prens” stadionu

 

23:00. Xorvatiya – Portuqaliya

Lans. “Bollar-Delelis” stadionu

 

26 iyun

17:00. Fransa – İrlandiya

Lion. Şəhər stadionu

 

20:00. Almaniya – Slovakiya

Lill. “Pyerr Morua” stadionu

 

23:00. Macarıstan – Belçika

Tuluza. Şəhər stadionu

 

27 iyun

20:00. İtaliya – İspaniya

Sen-Deni. “Stad de Frans”

 

23:00. İngiltərə - İslandiya

Nitsa. Şəhər stadionu

0