[b]“Reynaldo artıq “Qarabağ”a lazım deyildi”[/b]
20.04.2017 - 10:13
[b]“Reynaldo artıq “Qarabağ”a lazım deyildi”[/b]

Türkiyənin radio verilişlərindən birində “Qarabağ”ın sabiq hücumçusu Reynaldo Silvanın çıxışı müzakirə olunub. Apasport.az saytının məlumatına görə, “Meşk FM” braziliyalının “Adanaspor”da zəif çıxışı ilə bağlı sorğu keçirib.

 

Sorğu zamanı Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə xüsusi yer verilib. Tələbələrdən biri “sambaçı”nın ölkəmizdə çox sevildiyini söyləyib: “Azərbaycanda Reynaldonu hamı tanıyır. O, bizim ölkədə Türkiyənin Aleksi kimidi. Azərbaycanda yaxşı işlər gördü. Amma “Adanaspor”da əvvəlki kimi oynaya bilmir. Məncə, “Qarabağ” elə buna görə onun getməsinə razılıq verdi”.

 

Digər həmyerlimiz isə Reynaldonun “Qarabağ”a artıq lazım olmadığı üçün “Adanaspor”a yola salındığını düşünür. O, 28 yaşlı forvardın vaxtilə Azərbaycan çempionuna çox xeyir verdiyini söyləyib: “Reynaldo, xüsusən də, avrokuboklarda yaxşı çıxış edirdi. Ötən mövsüm də pis vəziyyətdə deyildi. Amma bura ona görə gəldi ki, “Qarabağ”a artıq lazım deyildi. Demirəm ki, tam tükənib. Ancaq əvvəlki Reynaldo deyil. Onun Türkiyədə özünü göstərə bilməməsinin digər səbəbi də Superliqada fiziki mübarizənin ön planda olmasıdı. Azərbaycan çempionatında isə belə deyil”.

 

Qeyd edək ki, qış fasiləsində “Qarabağ”dan “Adanaspor”a transfer edilən Reynaldo Silva hələ də qol hesabını açmayıb.

0