[b]İlk baş məşqçisi Əhməd Ələsgərov olan mümkün rəqib – “Şerif”[/b]
14.07.2017 - 15:06
[b]İlk baş məşqçisi Əhməd Ələsgərov olan mümkün rəqib – “Şerif”[/b]

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ”ın III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bir möcüzə baş verməsə, ya “Şerif” (Moldova), ya da “Kukesi”ni (Albaniya) sınağa çəkəcək.

 

II təsnifat mərhələsinin ilk matçında “Samtredia” üzərində 5:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələrinin növbəti mərhələyə adlayacağına şübhə yoxdu. Maraqlıdı, Azərbaycan çempionunun növbəti mərhələdə qarşılaşacağı komandalar nəyə qadirdi? Öncə “Şerif”dən başlayaq.

 

Moldova çempionu bu mövsüm 16-cı dəfə avrokubokda mübarizə aparır. Avropa macərasına 1999-2000 mövsümündə UEFA Kubokundakı iştirakla başlayan Tiraspol klubu ən böyük nailiyyətini 2013-14 mövsümündə əldə edib. Həmin il Çempionlar Liqasında yarışa başlayan moldovalılar III təsnifat mərhələsində Zaqreb “Dinamo”suna yenilsələr də, Avropa Liqasında yoluna davam edib və qrupa adlayıblar. Orda isə “Tottenhem”, “Anji” və “Tromse” ilə üz-üzə gələn “Qarabağ”ın mümkün rəqibi 6 xalla 3-cü yeri tutub.

 

Ümumiyyətlə, 1997-ci il aprelin 4-də yaranan “Şerif” elə ilk cəhddən elitaya yüksələ bilib. Bunda komanda tarixinin ilk baş məşqçisi həmyerlimiz Əhməd Ələsgərovun rolu az olmasa da, tiraspollular elitada ona güvənməyi lazım bilməyiblər. Elitadakı debüt mövsümündə 4-cü yerlə kifayətlənən komanda elə həmin il – 1999-cu ilin yazında ölkə kubokunu qazanıb. “Şerif” güclülər dəstəsindəki ikinci mövsümdə də avrokuboklara vəsiqə qazanıb. Bu dəfə “gümüş” qazanmaqla.

 

Ümumilikdə 15 dəfə Moldova çempionu olan “arılar” həmçinin 9 dəfə ölkə kubokunu, 7 dəfə isə Superkubokunu başı üzərinə qaldırıb.

 

Liviya əsilli italiyalı Roberto Bordinin çalışdırdığı komandada Braziliyadan 3, Xorvatiyadan 2, Slovakiya, Bosniya və Herseqovina, Kürasao, Burkina Faso, Monteneqro və Belçikadan isə 1 əcnəbi futbolçu çıxış edir. “Sarı-qaralar” ev oyunlarını Tiraspolda yerləşən 12 min 746 azarkeş tutumuna malik “Şerif Stadium”da keçirir.

 

Qeyd edək ki, “Şerif”lə “Kukesi” arasında Moldovada keçirilən ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

0