Mayın 27-dən 31-dək Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə 42-ci Avropa çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, bu gün çıxış edən yeni formalaşmış qrup hərəkətləri üzrə Azərbaycan komandası böyüklər kateqoriyasında debüt etdiyi Avropa çempionatında finala vəsiqə qazana bilməsə də, 26 komanda arasında çoxnövçülük üzrə 46.650 xal toplayaraq 11-ci yeri tutub.
Komandamız 5 top ilə proqramda 24.100 xalla 11-ci, 3 halqa və 2 cüt gürz ilə proqramda isə 22.550 xalla 15-ci yerdə qərarlaşıb.
Böyüklər yaş kateqoriyasında fərdi və qrup hərəkətləri üzrə nəticələrin cəminə əsasən komanda hesabında Azərbaycan yığması 239.350 xalla 15-ci yeri tutub. Komanda hesabındakı nəticəyə töhfə verən fərdi gimnastlarımız Fidan Qurbanlı, Gövhər İbrahimova və Kamilla Seyidzadə olub.
Fərdi çoxnövçülük yarışlarında isə Fidan Qurbanlı 74.850 xal toplayaraq 32-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, yarışda ölkəmizi fərdi proqramda gənclər arasında Azadə Atakişiyeva və Nuray Muradlı, böyüklər arasında isə Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, həmçinin qrup hərəkətləri komandamız təmsil edib.
Gənclər arasında Azadə Atakişiyeva halqa ilə proqramda 22.450 xalla 19-cu yerə layiq görülüb.