SİZİN REKLAM BURADA

Norveç – Azərbaycan: kim necə oynadı? – DƏYƏRLƏNDİRMƏ

Milli komandamız Robert Prosineçkinin rəhbərliyi altında ən zəif oyunlarından birini, bəlkə də, birincisini keçirdi. DÇ-2018-in seçmə mərhələsində Norveçlə səfər görüşü (0:2) həm baş məşqçinin, həm də futbolçuların passivinə yazılmalıdı.

 

Yığmamız hətta seçmə mərhələdə Şimali İrlandiyaya 0:4 hesabı ilə yenildiyi qarşılaşmada da bu cür bərbad futbol sərgiləməmişdi. Hələ matçın əvvəlində Prosineçkinin üz cizgiləri çox şeydən xəbər verirdi. Əvvəlkindən fərqli olaraq, çox da həvəsli görünməyən xorvatiyalının mənfi enerjisi futbolçulara da keçmişdi. Komandada ciddi şəkildə ruh düşkünlüyü sezilirdi.

 

Müdafiədə buraxılan ciddi boşluqlar Kamran Ağayevin daim təzyiq altında qalmasına səbəb olurdu. Norveçli futbolçular orta sahəni o qədər rahatlıqla keçirdilər ki, sanki yığmamız meydana yarımmüdafiəçisiz çıxmışdı. Bəzi anlarda rəqibin bir oyunçusu topla 40-50 metrlik məsafəni problemsiz qət edib, cərimə meydanımıza qədər irəliləyirdi. Sadəcə, rəqib hücumçularının yüksək keyfiyyətə malik olmaması biabırçı hesabın qarşısını aldı.

 

Komandamızın hücumundan isə danışmağa dəyməz. Hətta rəqibi azlıqda yaxaladığımız epizodlarda da futbolçularımız topu cərimə meydanına qədər aparmaqda aciz idilər.

 

Bütün futbolçular meydana sanki 90 dəqiqəni tamamlamaq üçün çıxmışdılar. Millimiz komanda şəklində o dərəcədə bərbad çıxış etdi ki, hansısa oyunçunu yaxşı mənada fərqləndirmək mümkün deyil.

 

Kamran Ağayev – Yeni klubundakı kimi, ciddi səhvə yol vermədi. Buraxılan qollara görə onu qınamaq doğru olmaz. Əslində, Ağayevə çox iş düşmədi. Çünki skandinaviyalıların zərbələrinin əksəriyyəti qeyri-dəqiq alınırdı. Çərçivəyə ünvanlanan 2 topdan birini dəf edən Kamran penalti epizodunda aciz idi.

 

Rəşad Sadıqov – Rəqib əsasən cinahlardan hücum qurduğundan, mərkəz müdafiəçilərinə daha çox cərimə meydanına ötürmə zamanı iş düşürdü. Ancaq norveçlilər mərkəzlə irəlilədikləri vaxtlarda da kapitan çətinliklə üzləşirdi. Bütün komanda kimi, onun da çıxışı zəif alındı. Avtoqolu da bura əlavə etsək, deməliyik ki, Rəşadın günü deyildi.

 

Bədavi Hüseynov – İkinci topu Sadıqov öz qapımızdan keçirdisə, ilk qolda digər mərkəz müdafiəçisi Hüseynovun kobud səhvi oldu. Penalti epizodunda sürətindən düzgün istifadə edib doğru mövqeyə qaçmadığından, Coşua Kinqi kobudluqla dayandırmalı oldu. Kinqlə təkbətək epizodların əksəriyyətində ona uduzdu.

 

Maksim Medvedev – Birinci hissədə meydan sahibləri sol cinahdan hücumlara üstünlük versələr də, Medvedev işinin öhdəsindən qismən gəlirdi. Ancaq ikinci hissədə Maksimi də tanımaq mümkün deyildi.

 

Pavel Paşayev – Sol cinah müdafiəçisi öz mövqeyində çox boşluqlar buraxırdı. Norveçlilər məhz Paşayevin mövqeyindən bir neçə qol vəziyyəti yaratdılar. Dmitri Nazarovun kömək etməməsi legionerimizin vəziyyətini daha da qəlizləşdirirdi.

 

Qara Qarayev – Rəqibin sürətli hücumları zamanı əksər vaxtlarda ortada tək qalırdı. Bütün komandanın zəif çıxışı fonunda Qarayev ciddi nəsə edə bilməzdi.

 

Riçard Almeyda – Geridən oyun qurmağa, top paylamağa çalışırdı. Lakin Cavid Hüseynovun onu başa düşməməsi və irəlidəki “trio”nun “dişsiz” olması “sambaçı”nı əlacsız vəziyyətə salmışdı. Rəqib hücum edərkən də müdafiəyə lazımi dəstəyi verə bilmirdi.

 

Cavid Hüseynov – Onu zəif komandanın ən zəif fiqurlarından biri saymaq olar. Top komandamızda olarkən gah adi ötürmələrdə səhv edirdi, gah da gərəksiz driblinq edərək, onu itirirdi. Arxasındakı Qarayev-Almeyda tandemini tamamlaya bilmirdi.

 

Dmitri Nazarov – Almaniyada çıxış edən futbolçumuzun meydandakı varlığı yalnız rəqib oyunçuları kobudluqla dayandırdığı anlarda hiss olunurdu. Nə müdafiəçi Paşayevə köməyi dəyirdi, nə də topu meydanın rəqibə aid hissəsinə daşıya bilirdi. Sürətdə rəqib oyunçularla ayaqlaşa bilmirdi. Bu üzdən gözlədiyimiz driblinqləri görmədik.

 

Namiq Ələsgərov – Müdafiə olunmaqda Maksimə müəyyən qədər faydası dəysə də, hücumdakı işi sıfıra bərabər idi. Oyuna hazır olmadığı aşkar hiss olunurdu. Prosineçkinin arzuladığı Ələsgərov bu deyildi. Buna baxmayaraq, xorvatiyalı sevimli oyunçusunu sona qədər meydanda saxladı.

 

Mahir Mədətov – Hücumun sivri ucunda itib-batmışdı. Nə arxasındakı Caviddən, nə də cinahlardan dəstək alırdı. İrəlidə təkbaşına nəsə etməyə də gücü çatmadı.

 

Ramil Şeydayev – Komandada ruh düşkünlüyü yarandığı vaxtda meydana daxil oldu. Buna baxmayaraq, qısa müddətdə rəqib müdafiəçilərini bir qədər “işlətdi”. Bir epizodda dəqiq ötürmə ilə Cavid Hüseynovu qapıçı ilə üzbəüz qoymağı bacardı.

 

Əfran İsmayılov – Yenə rəqibin qapısı qarşısında topu ayağında çox saxlayır və sonda itirirdi. Əfran son vaxtlar sərgilədiyi oyunu davam etdirdi. Bu da yalnız azarkeşləri özündən çıxarmağa xidmət edirdi.

 

Rahid Əmirquliyev – Meydanda olduğu 10 dəqiqə ərzində nəyisə dəyişməyə gücü çata bilməzdi.

 

Ruslan SADIQOV

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10