[b]Qurban Qurbanov: Hansısa şərtə ehtiyac yoxdu[/b]
03.11.2017 - 11:59
[b]Qurban Qurbanov: Hansısa şərtə ehtiyac yoxdu[/b]

“Öncə Rövnəq müəllimə, və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. Futbolçu olanda da milliyə can atırsan, məşqçi olanda da. Hər bir məşqçinin arzusu yığmada işləməkdi. Bu inamı mənə göstərdiyi üçün hər birinizə təşəkkür edirəm”. Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin yeni baş məşqçisi Qurban Qurbanov deyib.

 

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantının əsas müzakirə mövzusu milliyə baş məşqçi təyin edilməsi məsələsi olub. İclasdan sonra jurnalistlərə açıqlama verən Qurbanov yeni vəzifəsi ilə bağlı planlarını açıqlayıb: “Bilirəm, çox məsuliyyətli işdi. Hamının gözü milli komandadadı. Azarkeşlərin fikirlərini, düşüncələrini yaxından eşitmişəm. Çox istəyirlər ki, milli daha uğurlu nəticələr əldə etsin. Mənim üçün böyük məsuliyyətdi. Çalışacağıq ki, AFFA ilə birgə daha yaxşı nəticə əldə edək. Bu, bir ayın işi deyil. Planlarımız uzun olacaq. Yavaş-yavaş irəli getməliyik ki, milli daha peşəkar olsun. Bu işin öhdəsindən gəlmək üçün əlimdən gələnin artığını etməyə çalışacam. Bir azərbaycanlı kimi çalışacam ki, daha yaxşı nəticələrə imza ataq”.  

 

Qurbanov bildirib ki, bundan sonra məsuliyyəti və işi çoxalacaq: “Düşünürəm ki, rəhbərliyimizlə birlikdə çalışıb, bu işin öhdəsindən gələcəyik. KİV nümayəndələrinə, bütün azarkeşlərə “çox sağ olun” deyirəm. Buna kimi də bütün yazılanları oxuyurdum və mənə olan etimadınızı, sevginizi göstərirdiz. Hər birinizə təşəkkür edirəm. Düşünürəm ki, bundan sonra hamımız – media, azarkeşlər, futbolsevərlər, futbol funksionerləri bir olub, aktiv komanda formalaşdırıb, uğurlu nəticələr əldə edəcəyik”. 

 

O, hələ köməkçilərinin adına aydınıq gəlmədiyini və bu barədə fikir bildirmək çox tez olduğunu vurğulayıb: “Təkcə köməkçilər deyil, çox detallar var. Hansı ki, bu günə buna cavab verə bilməyəcəm. Çünki onlar hissə-hissə ediləsi bir prosesdi. Hələ ki, bu barədə düşünməmişik. Buna hələ vaxtımız var. Bəlkə də 1 aya, 1,5 aya ətraflı məlumat verəcəyik”.

 

Çalışdırıcı Azərbaycan millisinin AÇ-2020 ilə bağlı şanslarından da danışıb. Qurbanov Millətlər Liqasının üstünlüklərinə toxunub: “Dəfələrlə fikrimi bildirmişəm ki, birdən-birə hər şeyi edə bilmərik. Futbol elə bir oyundu ki, burda hər şey mərhələ-mərhələ olur. Həmişə də futbolçularımdan tələb etmişəm ki, əlinizə düşən şansdan maksimum istifadə olunmalıdı. Əgər bizim əlimizdə bu imkan, bu şans varsa, bundan mütləq istifadə etməliyik. Özünüz də görürsüz ki, Madrid “Atletiko”su bizdən qat-qat güclüdü, amma “Qarabağ” səfərdə heç-heçə etdi. Çempionatda da düşünürük ki, bizdən zəif komandadı, amma gəlib, bizi məğlub edir. Yəni futbolda əvvəlcədən qəti qərar vermək mümkün deyil. Bunun üçün biz hazır olmalıyıq. Amma bizim kiçik bir şansımız varsa, bundan maksimum istifadə etməyə çalışacağıq. ”

 

Qurbanov AFFA ilə aralarında hansısa öhdəliklər qoyulmadığını da sözlərinə əlavə edib: “Məndə belə bir xarakter yoxdu. Sadəcə, doğru yol axtarırıq. Tapdığımız, düşündüyümüz yolu müzakirə edirik və bunu ən yaxşı şəkildə həyata keçirməyə çalışırıq. Bir-birimizi tanıyırıq. Neçə illərdi bizim federasiya rəhbərliyi ilə münasibətlərimizdən də xəbərdarsız. Ona görə də hansısa şərt qoymağa ehtiyat yoxdu. Bir-birimizə inanaraq, güvənərək bu yolu gedəcəyik. İnşallah, birlikdə daha güclü olmağa çalışacağıq”.

 

 

0