Azərbaycan şahmatçıları Bakıda keçirilən beynəlxalq turnirdən 45250 avro qazanc götürüblər
06.05.2008 - 10:45
Azərbaycan şahmatçıları Bakıda keçirilən beynəlxalq turnirdən 45250 avro qazanc götürüblər
Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində iştirakçıların qazandıqları pul mükafatlarının və reytinq xallarının miqdarı açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 8 xalla ilk üç yeri bölüşən Azərbaycan milli komandasının üzvü Vüqar Həşimov, norveçli Maqnus Karlsen və çinli Van Yue hərəyə 24 167 avro qazanıblar. Bu şahmatçılar, həmçinin, hesablarına 153,3 reytinq xalı yazdırıblar. Turniri 7,5 xalla 4-5-ci pillədə başa vuran Şəhriyar Məmmədyarovla rusiyalı Aleksandr Qrişukun qazancı 13 750 avro və 105 reytinq xalı olub. Maykl Adams (İngiltərə) və Pyotr Svidler (Rusiya) 6,5 xalla 6-7-ci pillədə qalıblar. Onlara 10 500 avro və 85 reytinq xalı verilib. Keçirdikləri 13 oyundan 6 xal toplayan həmvətənimiz Teymur Rəcəbov, Qata Kamski (ABŞ) və Sergey Karyakin (Ukrayna) 8-11-ci yerləri tutmaqla yanaşı, hərəyə 7 333 avro və 60 reytinq xalı qazanıblar. 5,5 xalla 11-12-ci sırada qərarlaşan İvan Çeparinovla (Bolqarıstan) David Navara (Çexiya) 5 250 avro və 35 reytinq xalı, 5 xalla son iki pilləyə sahib çıxan Etyen Bakro (Fransa) və Ernesto İnarkiyev (Rusiya) isə 4 250 avro və 15 reytinq xalı əldə ediblər. Beləliklə, Qran-Pri turnirində ölkəmizin şərəfini qoruyan 3 şahmatçı – Vüqar Həşimov, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun ümumi qazancı 45 250 avro olub.
Qeyd edək ki, 162 000 avro mükafat fondu olan Qran-Pri turnirinin ikinci mərhələsi iyulun 30-dan avqustun 15-dək Rusiyanın Soçi şəhərində baş tutacaq. Bu yarışa şahmatçılarımızdan Teymur Rəcəbovla Vüqar Həşimov qatılacaq.
0