“Kəpəz”də baxışda olan 3 futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Gəncə klubu qapıçılar – Tərlan Qasımzadə və Sergey Litovçenko, həmçinin yarımmüdafiəçi Giuli Manjqaladze ilə müqavilə imzalayacaq.
Bu barədə əməkdaşımızla söhbətində “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov məlumat verib. O bildirib ki, Litovçenko ilə 6 aylıq sözləşmə bağlanacağı halda, Qasımzadə və Manjqaladze ilə münasibətlər 1 illik rəsmiləşdiriləcək. Hər 3 futbolçu ilə bu gün saziş bağlanacaq.
“Kəpəz”in baxışa dəvət etdiyi digər futbolçu Dieqo Souza isə hələ Azərbaycana gəlib çıxmayıb. Hüseynov bunun braziliyalı yarımmüdafiəçinin bilet məsələsi ilə üzləşdiyi problemlə əlaqələndirib: “Müdafiəçimiz Dedimar Fereyra da təyyarə problemi ilə qarşılaşdığından, yalnız bu gün Azərbaycana gələ bildi. Souza isə sabah ölkəmizə təşrif buyuracaq. Onunla bağlı qərarı bir neçə gün yoxladıqdan sonra verəcəm”.
Qeyd edək ki, qış fasiləsində 11 futbolçu - Aydın Qasımov, Novruz Məmmədov, Kərim Diniyev, Samba Diallo, Mansur Aladji, Viktor Oseqeyl, Ruzi Qiyaslı, Azad Kərimov, Azər Məmmədov, Sergey Çernışev və Məhəmməd Qurbanovla yolları ayıran “Kəpəz” bu günə qədər Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov və Tərzin Cahangirovu heyətinə qatıb.