Ebrima Sohna: “Keşlə” məni kuboku qazanmağa gətirib - MÜSAHİBƏ

“Keşlə”nin qış fasiləsində heyətinə qatdığı, qambiyalı yarımmüdafiəçi Ebrima Sohnanın apasport.az saytına müsahibəsi

 

- Söhbətə Azərbaycan çempionatının XV turunda “Səbail”lə keçirdiyiniz oyundan (1:1) başlayaq. Matç haqda fikirləriniz necədi? Qeydə alınan nəticə sizi qane etdimi?

- Qış fasiləsindən sonra ilk oyunumuz idi. Nəticə heç birimizin ürəyincə olmadı. Matçdan sonra nə mən, nə də komanda yoldaşlarım xoşbəxt idi. Məqsəd 3 xal qazanmaq olduğundan, meydana qələbə üçün çıxmışdıq. Əfsuslar olsun ki, alınmadı. Amma ruhdan düşməməliyik. Məşqlərdə dayanmadan çalışıb, növbəti görüşə daha güclü çıxmalıyıq.

 

- Öz oyununuzdan razı qaldızmı?

- Matçdan sonra ətrafımdakılar yaxşı oynadığımı dedilər. Ancaq mənim üçün öz çıxışımdan çox komandamın uğurlu nəticə qazanması vacibdi. Allahın köməyi ilə “Keşlə” üçün bundan artığını edəcəm.

 

- Matç ərzində daha çox geriyə və ya yanınızdakı komanda yoldaşınıza ötürmə verirdiz. Bu, baş məşqçinin tapşırığı idi, yoxsa oyun üslubunuz belədi?

- Matçın gedişində qərarlarımı kiməsə görə qəbul etmirəm. Bəzən oyunda top saxlamaq lazım gəlir. Hücuma doğru vaxtda atılmalısan. Mən hücuma qoşulmağı, irəliyə ötürmə verməyi xoşlayıram. Amma bu, oyunun gedişindən asılıdı.

 

- Növbəti turda “Kəpəz”in qonağı olacaqsız. Gəncə təmsilçisi hazırda turnir cədvəlində qabaqladığınız yeganə komandadı. Bu görüşdə hansı nəticəyə ümid edirsiz?

- Ümumiyyətlə, bir futbolçu kimi bütün matçlara qələbə üçün çıxıram. “Kəpəz”lə oyunda 3 xal qazanmalı olduğumuzu bilirik. Əlimizdən gələni edəcəyik.

 

- Baş məşqçiniz Yuri Maksimov haqda nə deyə bilərsiz? O, sizdən müdafiə, yoxsa  hücum futbolu tələb edir?

- Maksimov yaxşı məşqçidi. O, futbolu anlayır. Bizdən həm müdafiədə diqqətli, həm də hücumda kəsərli olmağı tələb edir.

 

- Azərbaycan çempionatı haqda ilkin təəssüratınız necədi?

- Cəmi 1 oyun keçirsəm, turun digər 2 matçını da izləmişəm. İlkin təəssüratım yaxşıdı. Deyərdim ki, Azərbaycan çempionatının səviyyəsi aşağı deyil.

 

- “Keşlə”yə keçənə qədər futbolumuz haqda hansı informasiyanız var idi?

- Təklif alanda dərhal çempionatınız haqda soruşdum. Mənə Azərbaycan klubunun Çempionlar Liqasının qrup mərhələsində iştirak etdiyini dedilər. Ardınca dostum Şeriff Sumadan məlumat aldım. O, vaxtilə ölkənizdə oynayıb. Suma mənə Azərbaycan çempionatından bəhs etdi. Onun sayəsində futbolunuz haqda xeyli informasiya topladım.

 

- “Keşlə” Premyer Liqada 7-ci pillədə qərarlaşıb. Əvəzində komanda ölkə kubokunun yarımfinalçısıdı və bu mərhələdə sizi “Sumqayıt”la oyunlar gözləyir. İndiki məqamda kubokun “Keşlə” üçün daha önəmli olması ilə razısızmı?

- Şəxsən mən mövsümü 7-ci yerdə bitirmək istəməzdim. “Keşlə” mənimlə nə üçün müqavilə bağlayıb? Ona görə ki, komandaya axırıncı yerlərdən qurtulmağa və kuboku qazanmağa kömək edim. Buna nail olmağa çalışmalıyıq. Mövsümün qalan hissəsinin bizim üçün uğurlu keçəcəyinə inanıram.

 

- Qış fasiləsində “Keşlə”yə siz də daxil olmaqla, xeyli sayda yeni oyunçu qoşuldu. Futbolçuların meydanda bir-birini başa düşməsi hansı səviyyədədi? Yeni komandanıza uyğunlaşa bilmisiz?

- Bunun üçün zaman lazımdı. Mən də daxil olmaqla, bütün yeni transferlərin vaxta ehtiyacı var. Uzun müddət birlikdə olduqdan sonra bir-birimizi yüz faizlik başa düşəcəyik. Özümü “Keşlə”də yaxşı hiss edirəm. Bu komandada oynamaq mənə rahatdı. Odu ki, narahatlığa heç bir əsas yoxdu.

 

- “Keşlə” ilə mövsümün sonunadək nəzərdə tutulmuş müqaviləniz var. Növbəti mövsümdə də bu komandada olmaq istərdizmi?

- Əgər yaya qədərki çıxışım baş məşqçi və klub rəhbərliyinin ürəyincə olacaqsa, onlar məndən, mən də onlardan razı qalacamsa, növbəti mövsümdə də “Keşlə”nin formasını geyinə bilərəm. İndi isə bütün diqqətimi oyunuma yönəltmişəm.

 

Tengiz MƏMMƏDOV

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10