Elxan Məmmədov Dünya Kubokunun qalibi oldu
12.10.2008 - 21:19
Elxan Məmmədov Dünya Kubokunun qalibi oldu
Bakı. Aqşin Əliyev - APA-Sport. Bakıda təşkil olunan kişi və qadınlar arasında cüdo üzrə Dünya Kubokuna bu gün yekun vurulub. “APA-Sport”un məlumatına görə, Azərbaycan yığmasının üzvləri yarışda 14 medal (4 qızıl, 2 gümüş, 8 bürünc) qazanıblar. Maraqlıdır ki, milli komandamız Dünya Kubokunun ikinci günündə birinci gündəki nəticəni təkrarlayıb.

Bu gün iki cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. XXIX Pekin Olimpiadasında mükafatçılar sırasına düşməyə yaxın olan Elxan Məmmədov (90 kq) doğma publika önündə bütün rəqiblərini üstələyib. O, ardıcıllıqla Robert Edvard (Kanada), Viktor Semyonov (Rusiya), Yasin Həsənov (Azərbaycan) və Dmitri Qerasimenkoya (Rusiya) qalib gəlib.

Bundan başqa, 100 kq çəki dərəcəsində yarışan Fariz Ramizzadə də qızıl medala layiq görülüb. Rüstəm Alimli (81 kq) yalnız finalda uduzaraq, ikinci yeri tutub. Eyni çəkidə Elməddin Əhmədov, həmçinin Yasin Həsənov (90 kq), Rəqiyyə Qarayeva və Bəhriyyə Hüseynova (hər ikisi 70 kq) bürünc medala yiyələniblər.
0