Milli komandalarımızın yeni baş məşqçilərinin adları dekabrda açıqlanacaq
27.11.2008 - 16:43
Milli komandalarımızın yeni baş məşqçilərinin adları dekabrda açıqlanacaq
Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) rəhbərliyi bütün növlər üzrə milli komandaların baş məşqçilərini dekabrın 10-da təsdiqləyəcək. Bu haqda apasport.az saytına AGİN-in idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.

Onun bildirdiyinə görə, yığmalarda baş məşqçi vəzifəsini kimlərin yerinə yetirəcəyi müvafiq federasiyaların təqdim etdikləri sənəd əsasında müəyyənləşəcək: “Hər ilin son ayında baş məşqçilərin təsdiqi olur. Dekabrın 10-da nazirliyin kollegial iclası keçiriləcək. Həmin toplantıda işini davam etdirən və ya baş məşqçi postuna yeni təyin olunan çalışdırıcıların adları bilinəcək”.

Rəhimov vurğulayıb ki, indidən konkret hansı növlərdə baş məşqçi dəyişikliyi olacağını söyləmək çətindir: “Çünki federasiyalar bizə sənədləri dekabrın 5-dək təqdim etməlidirlər. Yalnız bundan sonra mümkün istefalar və ya təyinatlar haqda danışmaq mümkündür”.

Qeyd edək ki, kollegial iclasda əsasən boks, ağırlıqqaldırma, güllə atıcılığı, həmçinin qadınlardan ibarət otüstü hokkey üzrə yığmalara yeni baş məşqçilərin təyin olunacağı gözlənilir.
0