Ponomaryov: “Xəzər-Lənkəran”da işləmək istəyirəm
01.12.2008 - 14:45
Ponomaryov: “Xəzər-Lənkəran”da işləmək istəyirəm
“Xəzər-Lənkəran”ın baş məşqçisi olmaq maraqlı təklifdir. Belə variantı dəyərləndirmək mümkündür”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov deyib.

Rusiyanın “Maşuk-KMV” klubundan ayrıldıqdan sonra il yarımdır işsiz qalan 48 yaşlı mütəxəssis “Xəzər-Lənkəran”ı çalışdırmağı arzulayır. Hələlik rəsmi təklif almadığını söyləyən Ponomaryov belə bir dəvəti qəbul etməyə hazır olduğunu bildirib: “Açığı, “Xəzər-Lənkəran”ın baş məşqçisi olmaq istəyirəm. Ciddi insanların çalışdığı belə bir klubda işləməyə dəyər. Klubun prezidenti Mais Mənsimovu hələ “Qarabağ”ın baş məşqçisi olduğum dövrdən yaxşı tanıyıram. “Xəzər-Lənkəran” qarşıya böyük məqsədlər qoyan ciddi klubdur. Yaxınlarda Azərbaycana səfərim zamanı Lənkəranda oldum. Orada stadion, klub infrastrukturu ilə bağlı görülən işlərlə tanış oldum”.

Lənkəranda gördüklərindən razı qalan milli komandamızın sabiq çalışdırıcısı bildirib ki, səfər klub rəhbərliyi ilə danışıqlar aparmaq məqsədi daşımayıb: “Sadəcə, uzun illər “Neftçi”də bir yerdə oynadığım İsgəndər Cavadovun Regional Futbol Federasiyalarının prezidenti kimi bölgəyə ilk səfəri Lənkərana idi. Mən də onunla birgə Lənkərana yollanmaqla, dostuma yeni işində dəstək oldum. Fürsətdən yararlanıb, “Xəzər-Lənkəran”ın “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdiyi görüşü də izlədim”.

“Xəzər-Lənkəran” rəhbərliyi beynəlxalq təcrübəyə malik məşqçi axtarır. Ponomaryovun fikrincə, bu mənada onun namizədliyi Lənkəran klubuna uyğun gəlir: “Mən olimpiya çempionu, yeniyetmələr arasında Avropa çempionu, dünya çempionatının gümüş mükafatçıyam. “Neftçi”dən getdikdən sonra 1989-cu ildə “Norçepinq” klubunun heyətində İsveç çempionu olmuşam. Uşaq futbolu məktəbində çalışmışam. Bir sözlə, beynəlxalq oyun təcrübəm böyükdür. “Xəzər-Lənkəran”ın uğurları üçün bu təcrübəmdən yararlana bilərəm”.

Yeni təkliflər gözləyən həmyerlimiz Rusiya və İsveç klublarından təklif alıb: “Rusiyanın birinci dəstə klubundan dəvət gəlib. Ad açıqlamaq istəmirəm, çünki məsələ hələ ki “dondurulub”. Rusiyada yeni mövsümə hazırlığın başlanmasını gözləyirəm. İsveçin aşağı liqa klubunda da çalışmaq variantım olub. Heyətində çempion olduğum “Norçepinq” rəhbərliyi baş məşqçi postunu mənə həvalə etmək istəyib. Lakin onlar elə biliblər ki, mən işsiz deyiləm. Mənimlə əlaqə saxlayanda isə artıq gec idi, baş məşqçi tapmışdılar”.

Qeyd edək ki, yığmamızın baş məşqçiləri arasında seçmə mərhələdə əvvəldən sonadək işləyən yeganə mütəxəssis olan Ponomaryov ən çox xal qazanıb (5 xal). 2004/05 mövsümündə “Qarabağ”ı çalışdırmış olimpiya çempionunun komandası ölkə çempionatında 6-cı yeri tutub.
0