Vasif Əliyev yenidən Türkiyəyə getdi
26.12.2008 - 19:57
Vasif Əliyev yenidən Türkiyəyə getdi
Azərbaycanın olimpiya yığma komandasının yarımmüdafiəçisi Vasif Əliyev bu gün Türkiyəyə yollanıb. 21 yaşlı futbolçu səfər öncəsi apasport.az saytına açıqlamasında ilk dövrədə çıxış etdiyi “Bakılı” klubu ilə danışıqları müsbət yekunlaşdırdığını bildirib.

Karyerasını Türkiyədə davam etdirəcək Vasif birinci liqada çıxış edən “Girəsunspor” klubunun şərəfini qoruyacaq: “Bu komandaya keçidim hələ Türkiyədə baxışda olduğum zamanı həll olunmuşdu. Bakıya yır-yığış etmək və keçmiş klubumla məsələni yoluna qoymaq üçün gəlmişdim. “Bakılı” rəhbərliyi gedişimə problem yaratmadı. Sabah “Girəsunspor” Antalyada ikinci dövrənin hazırlığına başlayacaq. Mən də komandanın təlim-məşq toplanışında iştirak edib, yeni baş məşqçi Əli Ərənin rəhbərliyi altında çalışacağam. İnanıram ki, “Girəsunspor”da çıxışım uğurla alınacaq. Türkiyədə münasibətlərimiz rəsmiləşdirildikdən sonra transfer vərəqəm göndəriləcək”.

Qeyd edək ki, türkiyəlilər Əliyevlə rəsmi müqaviləsi “6 ay + 1 il” şərti ilə nəzərdə tutulub. Futbolçumuzla ilkin olaraq yarım illiyə anlaşan “Girəsunspor” mövsüm bitəndən sonra müqaviləni daha bir illiyə uzadıb-uzatmamağı müzakirə edəcək.
0