Vasif Əliyev: Baş məşqçi məni “qaralamışdı”
08.01.2009 - 11:58
Vasif Əliyev: Baş məşqçi məni “qaralamışdı”
“Girəsunspor”dan kənarlaşdırılmağımdan xəbərim yoxdur. Mənə bu haqda rəhbərlikdən rəsmi məlumat verilməyib”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycanın olimpiya yığmasının futbolçusu Vasif Əliyev deyib.

Ötən ayın sonunda yarım illik müqavilə imzaladığı Türkiyənin “Girəsunspor” klubundan qovulduğunu ilk dəfə eşidən 21 yaşlı yarımmüdafiəçi bu xəbərə təəccüblənməyib: “Düzü, bu, mənim üçün gözlənilməz olmadı. Çünki baş məşqçi Əli Ərənin mənə qarşı münasibəti yaxşı deyildi və belə olacağını gözləyirdim. O, “Girəsunspor”a özü ilə bir sıra futbolçular gətirmişdi və əvvəlki futbolçuları “qaralamışdı”. Ərənin nədənsə, məndən xoşu gəlmirdi və bunu iş prosesində hiss etmişdim. Çaşıb qalmışdım ki, o, nə etmək istəyir. Axı mən azərbaycanlı futbolçu olduğum halda, niyə mənə qarşı pis münasibət göstərsin”.

Ərənin rəhbərliyi altında yoxlama oyunlarda mütəmadi oynadığını deyən Əliyev yanvarın 6-da “Bucaspor”a 0:3 hesabı ilə uduzduqları görüşdə də meydana çıxdığını iddia edir. Maraqlıdır ki, Türkiyə mətbuatında bu matçın protokolunda oynayan futbolçular arasında Vasifin adı göstərilməyib: “Ola bilsin ki, internetdə səhv yazıblar. Hazırda Antalyada komandanın düşərgəsindəyəm və gələcək taleyimə aydınlıq gəlməsini gözləyirəm. Zəif futbolçu olsaydım, məni bu kluba götürməzdilər. “Girəsunspor”un futbolçusu olmağım rəsmi müqavilədə imzalarla təsdiqlənib. Ancaq Əli Ərənin gəlişindən sonra ab-hava, mənə qarşı münasibət dəyişdiyi üçün bu komandada qalmamağı qərara almışdım. Menecerimə demişdim ki, mənə yeni klub tapsın”.

Qeyd edək ki, karyerasında ilk dəfə legioner həyatı yaşayan Vasif “Girəsunpor”a “Bakılı” klubundan transfer olunub.
0