Güləş Federasiyasından daha bir beynəlxalq turnir
16.11.2009 - 11:56
Güləş Federasiyasından daha bir beynəlxalq turnir
Noyabrın 17-də sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək. Bu haqda apasport.az saytına Azərbaycan Güləş Federasiyasının (AGF) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib. Yarışın keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasında güləş ənənələrinin bərpa olunması, kiçik yaşlı yeniyetmə güləşçilərin idman ustalıqlarının artırılması və yeniyetmələr arasında sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaqdır. Naxçıvan Muxtar Respublikasının Şərur Olimpiya İdman Kompleksində keçiriləcək turnirə 32, 35, 38, 42, 47, 53, 59, 66, 73 və 85 kq çəki dərəcələrində 1996-1997-ci il təvəllüdlü 70-ə yaxın idmançı qatılacaq.

Azərbaycan Gənclər və İdman Nazirliyi, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və AGF-nin təşkil etdiyi yarışda bizim pəhləvanlarla yanaşı, Türkiyə, İran və Rusiya təmsilçiləri də mübarizə aparacaqlar. Qaliblər AGF tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
0