Nazim Süleymanov sübut istəyir: Bir az diqqətli olmaq lazımdır - MÜSAHİBƏ
15.03.2010 - 15:28
Nazim Süleymanov sübut istəyir: Bir az diqqətli olmaq lazımdır - MÜSAHİBƏ
“Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi

- “Simurq”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşünə necə hazırlaşırsınız?
- Hazırlıq qaydasında gedir. Bildiyiniz kimi, son turda evdə “Standard”a məğlub olduq. Bunun nəticəsində əhval-ruhiyyəmiz korlandı. Ancaq buna baxmayaraq, ruhdan düşmürük. Futbolda belə məğlubiyyətlər olur. Bu uğursuzluğun əvəzini ölkə kubokuna çıxıb, əhval-ruhiyyəni bərpa etmək lazımdır. 1/4 final mərhələsini mütləq keçmək lazımdır.

- Əhval-ruhiyyənin korlanması komandaya sabahkı kubok oyununda psixoloji baxımdan mənfi təsir göstərə bilərmi?
- Elə biz də bunun üzərində işləyirik. Futbolçulara aşılayırıq ki, əhval-ruhiyyəni ancaq özümüz yarada bilərik. Sadəcə, meydana çıxıb, verilən tapşırıqları yerinə yetirmək, qələbə qazanmaq lazımdır. Əsas məsələ hesabda üstünlüyü əldə saxlamaq rəqibə verməməkdir.

- İlk mərhələnin yekuna əsasən, ilk “altılıq”dan kənarda qalmısınız. İkinci “altılıq”da mübarizə aparmaq ölkə kubokunda sizə üstünlük verir, yoxsa?
- Belə demək olar ki, Avropaya ən yaxın yol məhz ölkə kubokudur. Futbolçularımız da bunu dərk edirlər. Sadəcə, burda çox diqqətli olmaq, güc toplayıb, məşqlərdə verdiyimiz tapşırıqları, hərəkətləri yerinə yetirmək lazımdır. Sübut etmək lazımdır ki, “Olimpik-Şüvəlan” ikinci “altılıq”da olmamalı idi. Bunu bir daha göstərməliyik.

- “Simurq”u necə dəyərləndirərdiniz?
- Yaxşı komandadır. Bildiyiniz kimi, ötən çempionatının bürünc mükafatçıdır, Avroliqada oynayıb. Düzdür, bu mövsüm bir az enişdədir. Buna baxmayaraq, “Simurq” da yarımfinala çıxmaq istəyir. Kubokda qalib gəlmək istəyir və bunu bilirik. Sadəcə, biz buna imkan verməməliyik. İnanıram ki, qələbəni “Simurq”a verməyəcəyik.

- Nəzərə almaq lazımdır ki, kubokda səfərdə vurulan qolun əhəmiyyəti böyükdür. “Simurq”a mərhələ keçmək üçün sabahkı oyunda istənilən qollu heç-heçə kifayət edir. Deməli, qapınızın toxunulmazlığına xüsusi diqqət yetirməlisiniz...
- Biz buna çalışacağıq. Rəqibə qol vurmağa imkan verməməliyik və mənə elə gəlir ki, bunun öhdəsindən gələ bilərik. Top buraxmayıb, hücumda mütləq qol vurmalıyıq.

- “Simurq” “altılığ”a düşmədikdən sonra heyətdə köklü islahatlar apardı və 7 legionerlə vidalaşdı. Bundan sonra həmin komanda ilə səfərdə heç-heçə etdiniz. Belə demək olar ki, “Simurq”un sizinlə müqayisədə zəifləməsi mərhələ keçmək şansınızı artırır?
- Şans həmişə var. Futbolda elədir ki, oyunçu həmişə meydançaya çıxırsa, şansdan dərhal istifadə etməlidir. Həmin dəqiqə, həmin saatda göstərməlidir ki, fiziki, taktiki, psixoloji baxımdan rəqibdən güclüdür. İndi kimsə rəqibdə psixoloji durum haqda nəsə desə, buna görə meydançaya çıxanda boşalmaq lazım deyil.

- “Simurq”la cari mövsümdə oyunlardakı statistika sizin xeyrinizə deyil. Belə ki, komandanız keçirdiyi üç oyunda nəinki qələbə qazanmayıb, qol da vura bilməyib. Əleyhinizə olan bu statistika sizə psixoloji təsir göstərirmi?
- Statistika ilə bağlı məqamı düz qeyd etdiniz. Buna xüsusi diqqət yetiririk və “Simurq”a nəhayət, qol vurmaq üzərində işləyirik.

- Bir komanda digərinə uzun müddət qol vurmayanda psixoloji baxımdan gərginlik yaranır. “Simurq” bu baxımdan sizin çün arzuolunmaz rəqibdir?
- Psixoloji məsələni özümüz həll etməliyik. Bu baxımdan hazırlığı yoluna qoyub, oyunda hər bir epizoddan istifadə etmək lazımdır.

- Maraqlıdır, məhsuldar hücumçu olmuş Nazim Süleymanov indiki komandasında hücumçulardan qol vurmaq baxımından nə dərəcə razıdır?
- Bildiyiniz kimi, Anatoli Doroş xeyli müddət çempionatımızın ən sərrast oyunçuları siyahısına başçılıq edirdi. Moldovalı hücumçumuz son vaxtlar qol vura bilmədiyi üçün ehtiyata düşdü. Yeni gətirdiyimiz legioner İsmael Fransisko əvvəlcə ümidləri doğruldub, qol vursa da, sonradan qırmızı vərəqə aldı. Qol vurmaq problemini həll etmək üçün hücumçularımızı tez-tez dəyişirik. Braziliyalı Junivan Suaresə də şans veririk. Onları meydana buraxırıq ki, hücumçu keyfiyyətlərindən istifadə edib, qol vursunlar.

- Hücumçularınıza əsas nəyi tövsiyə edirsiniz?
- Bir az diqqətli olmaq, cərimə meydançasında olan epizodlara ciddi yanaşmaq. Bir epizod olarsa, ondan yararlanmaq lazımdır. Bizim futbolçuların əksəriyyətində rahatlıq yaranır ki, birini vura bilməsən, o birini vuraram. Xeyr, bu, belə deyil. Elə birincidən qol vurmaq lazımdır. İkinci şans düşərsə, ondan da istifadə etmək lazımdır. Bu, komandaya güc verən böyük bir psixoloji amildir.

- Yarımfinala çıxmaq şanslarınızı “Simurq”la müqayisədə yüksək sayırsınız?
- Şəxsən mən belə deməzdim. Sadəcə, təkcə “şansımız yüksəkdir” demək yox, onu meydançada göstərmək lazımdır.
0