Tailand millisi Bakıya köçür - EKSKLÜZİV
14.08.2012 - 11:50
Tailand millisi Bakıya köçür - EKSKLÜZİV
“İqtisadçı” Kristina Fernanda Ferreyra (Braziliya), Stefanya Sansonna (İtaliya), Lora Kitipova (Bolqarıstan), Marina Katiç (Xorvatiya) kimi voleybolçuları itirdikdən sonra transfer bazarında fəallığa başlayıb. Apasport.az saytının məlumatına görə, universitet komandası yeni mövsüm üçün tam fərqli heyət formalaşdırmaq iddiasındadır.

Bunu onların transfer siyasətindən başa düşmək mümkündür. Belə ki, digər komandalarımız heyətlərini formalaşdırdığı halda, yalnız Tailand millisinin üzvü Vilavan Apinyaponqla anlaşan “İqtisadçı” bu ölkənin daha 3 voleybolçusu ilə razılığa gəlib. Bunlar Hyafa Amporn, Malika Kanzonq və Vanna Buakevdır. Onların hər 3-ü ilə 1 illik müqavilə imzalanıb.

Amporn 1985-ci il təvəllüdlüdür və İndoneziya çempionatından gəlib. O, son 3 mövsümü bu ölkənin “Yakata Elektrik” klubunda keçirib. Bu ölkənin çempionatı ilə Tailand birinciliyi fərqli vaxt vaxta keçirildiyindən 2010-2012-də “Çanq”ın da şərəfini qoruyub. Bundan öncə isə Hyafa “Federbrau”da (Tailand, 2008-2009) çıxış edib.

Ampluaca blokçu olan voleybolçu ölkəsinin millisində Asiya kubokunun gümüş (2010) və bürünc (2008) medallarını qazanıb. O, həmçinin Asiya çempionatının qalibi (2009) və 2 dəfə bürünc mükafatçısı (2001, 2007) olub. Amporn 2005-ci və 2010-cu illərdə qitəsində ən yaxşı topu oyuna daxil edən voleybolçu nominasiyasının birincisi adını qazanıb.

Onun klub karyerası da parlaqdır. 2 dəfə Asiya Çempionlar Liqasının qızıl medalına sahib olan (2009, 2010) 180 sm boya malik blokçu son mövsümdə 3-cü yerlə kifayətlənib.

Tailand millisinin universal voleybolçusu olan Kanzonq da son mövsümləri ölkəsində keçirib. O, “İqtisadçı”ya gələnə kimi “Federbrau” (Tailand, 2008-2009), “Ereğli Belediyyəspor” (Türkiyə, 2009-2010), “Fujian” (Çin, 2010-2011), “Çanq” (Tailnad, 2010-2011) və “Saijo Denki” (Tailnad, 2011-2012) klublarında çıxış edib. 3 dəfə Asiya Çempionlar Liqasının qalibi olan (2009, 2010, 2011) 25 yaşlı voleybolçu son mövsümdə bürünc medalla kifayətlənib. O, həmçinin axırıncı voleybol ilində Tailand çempionluğunu qazanıb.

Millisinin heyətində Asiya çempionatının qızıl (2009) və 2 dəfə bürünc mükafatına (2001, 2007) yiyələnən 177 sm boya malik voleybolçu 2009-cu ildə topu oyuna ən yaxşı qəbul edən seçilib. O, bununla yanaşı 2008-ci ildə qitə kubokunun bürünc, 2 il sonra gümüş medalını qazanıb.

Buakev isə Azərbaycan üçün yeni voleybolçu deyil. O, 2009/2010 mövsümündə məhz “İqtisadçı”nın şərəfini qoruyub və Super Liqanın bürünc medalını qazanıb. 31 yaşlı libero daha sonra vətənində “Saijo Denki” ilə Tailand çempionluğunu yaşayıb. O, həmçinin “Federbrau” (2008-2009), RBAC-da (2009) və “Çanq”da (hər üçü Tailand, 2012) da forma geyinib.

Millisində Asiya çempionatının qalibi və üçüncüsü olan Vanna qıtə kubokunda gümüşlə bürünc medala sahib olub. Tailand çempionatının son mövsümünün ən dəyərli voleybolçusu seçilən “İqtisadçı”nın yeni transferi, həmçinin ilin ən yaxşı liberosu və ən yaxşı topqəbuledici nominasiyasında da birinci yeri tutub. O, Asiya çempionatında da ən yaxşılar arasında olub.

Qeyd edək ki, bununla da 2012/2013 mövsümündə CEV kubokunda yarışacaq “İqtisadçı”nın yeni transferlərinin sayı 4-ə çatıb.
0