Andrey Popoviç: Bəli, içirəm!
03.12.2012 - 12:47
Andrey Popoviç: Bəli, içirəm!
“Mənim komandadan getməklə bağlı baş məşqçi isə söhbətim olub. Bu da aldığım zədə ilə bağlıdır. Onsuz ilin sonuna az qalıb və mənim də “Turan”da icarə müqaviləm həmin vaxt bitir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan”dan kənarlaşdırılan qapıçı Andrey Popoviç deyib.

Tovuz klubunun baş məşqçisi Əfqan Talıbov saytımıza bildirib ki, millimizin də üzvü olan futbolçunun qovulması “Xəzər Lənkəran”la kubok matçında qırmızı vərəqə alıb, penalti epizoduna səbəbkar olmağı yox, eyni zamanda spirtli içkiyə qurşanmağı ilə bağlıdır. Belə ki, Talıbovun sözlərinə görə, Andrey bazada içib özbaşınalıq edərək, pis hala düşürdü.

Ancaq Popoviç nizam-intizam qaydalarını pozduğuna görə kənarlaşdırılmadığını bildirib: “Mən “Xəzər Lənkəran”la oyunda qasıq nahiyəmdə zədələndim. Bundan sonra bir müddət müalicə olunmalıyam. İlin də sonuna 3 oyun qalıb. Ona görə də baş məşqçi ilə söhbətimdə belə razılaşdıq ki, icarəm də yanvara kimi olduğundan, düşərgədən gedim. Sonradan komanda yoldaşlarımda xəbər tuturam ki, məni çıxarıblar. Baş məşqçinin bazada spirtli içki qəbul edib, özbaşınalıq etməyi ilə bağlı deyilənlər doğru deyil. Bəli, arada içirəm. Ancaq bu, heç vaxt düşərgədə olmayıb. Bizə oyundan sonra istirahət verilən zaman etmişəm. Bunu da etməmək haqda fikirləşirəm”.
0