Federasiya prezidenti Stanka Zlatevanın Azərbaycan variantından danışdı
09.12.2013 - 19:14
Federasiya prezidenti Stanka Zlatevanın Azərbaycan variantından danışdı
“Mənim Stanka Zlatevanın Simyon Şterevlə məşq etməsinə əngəl olmağımı unudun. Belə şey olmayıb, lakin biz onun ölkə xaricində məşq keçməsini maliyyələşdirə bilmərik”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan Güləş Federasiyasının prezidenti Valentin Yordanov deyib.

O, ölkəsində verdiyi açıqlamasında Stanka Zlatevanın sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Simyon Şterevin rəhbərliyi altında hazırlıq keçmək istəyinə münasibət bildirib.

1996-cı ildə Atlantada təşkil olunan Olimpiadanın 52 kq çəki dərəcəsində finalda azərbaycanlı Namiq Abdullayevə qalib gəlməklə çempion olan pəhləvan bildirib ki, xanım idmançının karyerasını bərpa edəcəyinə ümid edir: “Onunla bu barədə bir neçə dəfə söhbətim olub. Zlateva mənə deyib ki, bir müddət istirahət etmək istəyir. Biz ona qarşıdakı illərdə də güvənmək arzusundayıq. Lakin yekun qərarı özü verməlidir. Stanka hələ çox medallar qazana bilər. Amma onun 1 ildən artıqdır qapandığı otaqdan döşəyə çıxmağı da çətindir. Mən ona dedim ki, formasını saxlamaq üçün müəyyən turnirlərə qatılmalıdır. Biz Zlateva ilə hələ də danışmağa davam edirik”.

Qeyd edək ki, az öncə Azərbaycan millisindən imtina edən Stanka şəxsi məşqçisi olan Şterevin rəhbərliyi altında hazırlıq keçməyəcəyi təqdirdə karyerasını bitirəcəyini deyib.
0