“Qarabağ” – “Qəbələ”: Rəhim Həsənov kimi sevindirir?
28.03.2014 - 12:22
“Qarabağ” – “Qəbələ”: Rəhim Həsənov kimi sevindirir?

Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Qəbələ” matçını idarə edəcək Rəhim Həsənov cari mövsümdə 23-cü dəfə fit çalacaq. Apasport.az saytının məlumatına görə, 22 çempionat və 3 kubok qarşılaşmasında söz sahibi olan FİFA referisi martın 30-da üz-üzə gələcək əyalət təmsilçilərinin də 2 görüşünü idarə edib.

 

Belə ki, Rəhimov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qarabağ” ilə “Qəbələ” arasında baş tutan ilk və cavab qarşılaşmalarında meydana çıxıb. Evdə ağdamlılarla qolsuz heç-heçə edən “qırmızı-qaralar” səfər qələbəsi sayəsində yarımfinala yüksəliblər – 2:1.


FİFA referisinin fit çaldığı 25 qarşılaşmanın 11-də meydan sahibləri qalib gəlib, 6 dəfə heç-heçə qeydə alınıb və 8 matçda qonaqlar üstün olub.


Həsənov meydan sahibləri və qonaqları eyni sayda - 7 dəfə qırmızı vərəqə ilə cəzalandırıb. Ədalət təmsilçisi səfərdə oynayan komandaların qapısına 3 penalti təyin edib.


Bazar günü baş tutacaq matç hər iki komanda üçün Həsənovla 8-ci görüş olacaq. “Qəbələ” onun fit çaldığı 7 qarşılaşmada 6 dəfə qələbə qazanıb, 1 görüşdə isə heç-heçə qeydə alınıb. Ağdam təmsilçisi isə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə uduzub.

 

Qeyd edək ki, “Qarabağ”la “Qəbələ”nin cari çempionatda geridə qalan duellərini bir qayda olaraq Əliyar Ağayev idarə edib. Onun fit çaldığı hər 3 oyunda ağdamlılar qalib gəlib (IV tur – 1:0, XII tur – 4:3, XX tur – 1:0).  

0