[b]DÇ-2014: Berti Foqtsun həmyerliləri “at oynadır”[/b]
11.06.2014 - 09:45
[b]DÇ-2014: Berti Foqtsun həmyerliləri “at oynadır”[/b]

Sabah Braziliyada start götürəcək dünya çempionatı almaniyalı mütəxəssislərin hegemonluğu ilə yadda qalacaq. Apasport.az saytının məlumatına görə, 32 komandadan dördünə Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun həmyerliləri başçılıq edəcəklər.

 

Bu siyahıda almanları Argentina, Kolumbiya, Portuqaliya və İtaliyadan olan çalışdırıcılar izləyirlər. Bu ölkələrdən olan məşqçilərin hərəsi mundialda 3 yığmanı meydana çıxaracaqlar.

 

Dünya çempionatında Fransa və Bosniya və Herseqovinadan 2 baş məşqçinin yer alacağı halda, Braziliya, Xorvatiya, Meksika, İspaniya, Meksika, Hollandiya, Avstraliya, Uruqvay, İngiltərə, Nigeriya, Qana, Belçika və Cənubi Koreya 1 mütəxəssislə təmsil olunacaq.

 

Löv və Klinsmann üz-üzə

Almaniyalı baş məşqçilər – Yoahim Lövlə Yurgen Klinsmann qrup mərhələsində üz-üzə gələcəklər. G qrupunda yer alan Almaniya millisinin “sükanı” Lövün əlində olduğu halda, ABŞ yığmasını Klinsmanna həvalə edib.

 

Yeri gəlmişkən, A qrupunda Kamerunu çalışdıran Volker Fink və İsveçrənin baş məşqçisi Otmar Hitsfeld də çempionatdakı digər alman çalışdırıcılardır.

 

Ən gənc baş məşqçi

Dünya çempionatında 32 komanda arasında Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç ən gənc mütəxəssisdir. Bu komandanı 8 il sonra mundiala yüksəldən çalışdırıcının 43 yaşı (15 oktyabr, 1971) var.  

 

Kovaç baş məşqçilikdən öncə 2002 və 2006-cı illərdə dünya çempionatına futbolçu kimi də qatılıb.

 

Fil Dişi Sahilinin baş məşqçisi olan fransalı Sabri Lamouçi isə Kovaçdan cəmi 24 gün böyükdür. O, 1971-ci ilin noyabrın 9-da anadan olub.

 

Ən yaşlı mütəxəssis

Rusiya millisinin italiyalı baş məşqçisi Fabio Kapello həmkarları arasında ən yaşlısıdır. O, 68 yaşında şimal qonşularımızla mundialda uğur qazanmağa çalışacaq.

 

İtaliyalı mütəxəssis CAR-dakı dünya çempionatında isə İngiltərəni çalışdırırdı. O, həmin vaxt komandasını 1/8 finala yüksəltsə də, Almaniyaya 1:4 hesablı məğlubiyyətlə yarışa vida etmişdi.

 

“Qocalar”ın siyahısında ikinci yeri Roy Hocson (İngiltərə), üçüncü pilləni Oskar Tabares (Uruqvay) tutur. Onların hər ikisinin 67 yaşı var.  

 

Orta yaş həddi

23 komandanın çalışdırıcısının orta yaş həddi 56,43-ə bərabərdir. Braziliyada 60 və daha yuxarı 15, 50-59 yaş arası 9 və 40-49 yaş arası 8 baş məşqçi kubok arzusundadır.

 

17 yerli, 15 əcnəbi

Mundiala 17 komanda – Braziliya, Xorvatiya, Meksika, İspaniya, Hollandiya, Avstraliya, İngiltərə, İtaliya, Fransa, Argentina, Bosniya və Herseqovina, Nigeriya, Almaniya, Portuqaliya, Qana, Belçika və Qana yerli baş məşqçinin rəhbərliyi altında yollanıb. 15 yığma – Kamerun, Çili, Kolumbiya, Fil Dişi Sahili, Yunanıstan, Yaponiya, Uruqvay, Kosta-Rika, İsveçrə, Honduras, Ekvador, İran, ABŞ, Əlcəzair və Rusiya isə əcnəbilərə əmanət edilib.

 

9-u futbolçu kimi də mundiala qatılıb

32 komandanın 9-unun baş məşqçisi mundialda futbolçu kimi oynayıb. Bunlar Safet Suşiç (1982-1990, Bosniya və Herseqovina), Fabio Kapello (1974, İtaliya), Paulo Bento (2002, Portuqaliya), Yurgen Klinsmann (1990, 1994, 1998, ABŞ), Didye Deşam (1998, Fransa), Niko Kovaç (2002, 2006, Xorvatiya), Mark Vilmots (1994, 1998, 2002), Vahid Halilhodjiç (1982, Əlcəzair) və Stefan Keşidir (1994, Nigeriya). Həmin mütəxəssislər arasında isə almaniyalı Klinsmann (1990) və fransalı Deşam (1998) dünya kubokuna yiyələnib.

 

Yalnız ikisi

32 çalışdırıcı arasında dünya çempionatının qızıl medalını qazanan 2 baş məşqçi var. Bunlar İspaniya ilə son mundialın qalibi olan Visente Del Boske və 2002-ci ildə Braziliyanı fəxri kürsünün ən yüksək pilləsinə qaldıran Luis Felipe Skolaridir. Boske ardıcıl eyni uğuru təkrarlayarsa, italiyalı Vittorio Pozzonun rekorduna ortaq olacaq.

 

Maraqlıdır...

Dünya çempionatında 3 kolumbiyalı baş məşqçi olacağı halda, bu ölkənin komandasını Braziliyaya argentinalı Xose Pekerman aparıb. Yerli mütəxəssislərdən Reynaldo Rueda Ekvador, Xorxe Luis Pinto Kosta-Rika və Luis Fernando Suares isə Hondurasın “sükanı” arxasındadır. 

0