“Roma”nın skautu azərbaycanlı futbolçu üçün Bakıya gəldi - EKSKLÜZİV
17.11.2014 - 18:48
“Roma”nın skautu azərbaycanlı futbolçu üçün Bakıya gəldi  - EKSKLÜZİV

Azərbaycan millisinin və “Neftçi” klubunun qapıçısı Emil Balayev karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 20 yaşlı əlcək sahibi yığmamızın AVRO-2016-nın seçmə mərhələsinin İtaliya ilə Palermodakı oyunu öncəsi skautların diqqətini cəlb edib.

 

Belə ki, Balayevin fiziki göstəricilərini və məşqdəki reaksiyalarını bəyənən italiyalılar onun bu ölkədə çıxış etməsini istəyiblər. İtaliyadakı mənbəmiz qapıçı ilə maraqlanan klubun adını da açıqlayıb. Emili heyətində görmək istəyən Romanın eyniadlı komandasıdı.

 

A seriyasının nəhənglərindən sayılan “Roma” Balayevi “canavar” etmək istəyir. Onlar həmyerlimizə öz aralarında “Gələcəyin Buffonu” ləqəbini də veriblər. Bu isə komandamızın Palermodakı məşqindən sonra baş verib.

 

Ardınca qapıçının oyunlarının videolarını izləyən skautlar Balayev üçün Bakıya da gəliblər. 2014-cü ilin dekabrında müqaviləsi bitəcək futbolçunu sıralarına qatmaq niyyətindədi.

 

“Neftçi”nin baş məşqçisi Arif Əsədov da gənc qapıçının xarici klubdan təklif aldığını təsdiqləyib.

 

O bildirib ki, Emillə maraqlandıqlarından xəbəri olsa da, söhbətin hansı klubdan getdiyini dəqiq bilmir. Çalışdırıcının sözlərinə görə, “Neftçi” də müqaviləsi dekabrda bitəcək Balayevlə anlaşmanı uzatmaqla bağlı danışıqlara start verib: “Neftçi”nin strategiyası azərbaycanlı oyunçuların ölkə xaricində çıxış etməsinə şərait yaratmaqdı. Bilirəm ki, ölkə xaricindən belə təklif gəlsə, klub prezidenti Sadıq Sadıqov bunun əleyhinə olmaz”.

 

Qeyd edək ki, hazırda “Roma”nın əsas qapıçısı Morqan di Sanktisdi.

 

0