“Qarabağ” Fransadan xalla qayıtsa..."
27.11.2014 - 12:50
“Qarabağ” Fransadan xalla qayıtsa..."

“Qarabağ” komanda şəklində güclüdü. İnanıram ki, bu gün Azərbaycan futbolunda yeni bir tarix yazmaq üçün əllərindən gələni edəcəklər”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.

 

Təcrübəli mütəxəssis bu gün Avroliqanın qrup mərhələsinin V turunda baş tutacaq “Sent-Etyen” – “Qarabağ” matçı haqqında fikirlərini açıqlayıb: “Qarabağ”ın şansı çox deyil. Amma komandamız belə vəziyyətə düşəndə özündə güc tapıb nəticə qazana bilir. Təbii ki, komandamız səfərdə oynadığı üçün çox çətin olacaq. Çünki fransızlar doğma meydanda oynayırlar, azarkeş dəstəyi alacaqlar və ən əsası isə onlar da qrup ikinciliyi üçün mübarizə aparırlar. Bütün bunları nəzərə alsaq, “Sent-Etyen”i daha şanslı komanda saymaq olar. Yəni, onlar “Qarabağ”dan üstündürlər. Hesab edirəm ki, komandamızda əhval-ruhiyyə də pis deyil. Düzdü, qrupun son oyununda “Dnepr”ə uduzmuşuq. Amma bu geridə qaldı və ondan sonra Qurban Qurbanovun komandası çempionatda ardıcıl qələbələr qazandı”.

 

55 yaşlı məşqçinin fikrincə ağdamlıların heyətində olan zədəli futbolçuların yoxluğu matça təsir edəcək: “Əlbəttə ki, bu futbolçular komanda üçün böyük itkidi və onların yoxluğu özünü göstərəcək. Qurban Qurbanov da bu problemi həll etmək üçün əlindən gələni edir. İnanıram ki, biz düşündüyümüz kimi olmayacaq və “Qarabağ” lazımi nəticəni qazana biləcək. Ən əsas məsələ odu ki, biz bu gün məğlub olmamalıyıq. Əgər uduzsaq, şanslarımız onsuz da bitir. Ən azından heç-heçə ilə qayıtmaq lazımdı. Məncə, “İnter” doğma meydanda “Dnepr”i məğlub edə biləcək. Əgər “Qarabağ” da Fransadan xalla qayıtsa, son turda evdə italyanları məğlub etmək mümkündü. Çünki Milan klubu ukraynalıları udub Bakıya vahid lider kimi gələcək. Ona görə də əlimizə onları məğlub etmək şansı düşəcək”.

 

Qeyd edək ki, “Sent-Etyen” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

 

Elsevər MƏMMƏDOV

0