Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb
14.08.2026 - 18:29
Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb

Avqustun 20-27-si aralığında Kosovonun paytaxtı Priştinada keçiriləcək ağırlıqqaldırma üzrə U-15 Avropa birinciliyində Azərbaycanı 11 idmançı təmsil edəcək.

 

Apasport.az xəbər verir ki, Avropa birinciliyində 8 oğlan və 3 qız idmançı mübarizə aparacaq.

Qızların yarışında Şəbnəm Həsənzadə, Nuray Əbilova (hər ikisi 49 kq) və Hənifə Məhərrəmli (61 kq) "körpücük" üzərinə çıxacaqlar.

Oğlanların mübarizəsində Məhəmməd Rüstəmli (55 kq), İsa Hüseynov (60 kq), Musab Məmmədtağıyev, Kamran Xappayev (hər ikisi 70 kq), Lətif Əliyev, Əbdulhüseyn Hüseynov (hər ikisi 75 kq), Fəxrəddin Allahverdiyev və Elcan Əliyev (hər ikisi 85 kq) bacarığını nümayiş etdirəcək.

Komandanı yarışa baş məşqçi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramov hazırlayıblar. Onlarla yanaşı, Kosovoya 2 hakim - Kənan Mustafayev və Səbinə Rzayeva da yollanacaq.

Bugün AAF-ın vitse-prezidenti Firdovsi Umudov qitəmiqyaslı yarışa yollanacaq heyət üzvləri ilə görüşüb. İdmançılara məsul yarışda uğurlar arzulayan qurum rəsmisi onların hər birindən layiqli mübarizə gözlədiyini bildirib. O qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən idmanın və idmançıların, ələlxüsus yeniyetmə atletlərin inkişafına xüsusi həssaslıqla yanaşılır. Gənclər və İdman Nazirliyi, eləcə də AAF tərəfindən yarışa hazırlıq dövründə komandaya bütün zəruri şərait yaradilib.

Bunun müqabilində atletlər qarşısında qoyulan əsas məqsəd Avropa birinciliyində ölkəni layiqincə təmsil etməkdir. Uğur qazanmaq üçün isə komandadaxili nizam-intizam qaydalarına ciddi şəkildə riayət edilməli və bu mənada Azərbaycan yığması digər kollektivlərə nümunə olmalıdır.